Qanlar töküləcək: neftin alışdırdığı 5 MÜNAQİŞƏ

Qanlar töküləcək: neftin alışdırdığı 5 MÜNAQİŞƏ
12:52 3 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+

Moskva Türkiyəni Rusiyanın hərbi təyyarəsini vurmaqla özünün neft təchizatı xəttini "İslam dövləti" qruplaşmasından qorumaq cəhdində ittiham etdikdən sonra, neft bir daha müharibə səhnəsində peyda olub. Biz neftin bu və İkinci Dünya Müharibəsinədək başqa münaqişələrdə oynadığı rola nəzər yetirmişik.

Suriya və İraq. 2011-ci ildən indiyədək

"İslam dövləti" adlanan qruplaşmanın iştirakı ilə İraq və Suriyada davam edən münaqişədə neft amili böyük rol oynayıb.
Neft satışı yaraqlılar üçün başlıca gəlir mənbəyidir. Bu gəlir 2014-cü ilin ortalarında günə 2 milyon dollar təşkil edib.
"İslam dövləti" qrupu Suriyanın neft istehsal edən əksər regionlarına nəzarət edir və təşkilat, həmçinin 2014-cü ildə İraqda, Mosul yaxınlığındakı neft mədənlərini zəbt edib.

Əsəd hökumətinin özü də daxil, bu neft bir neçə alıcıya və Türkiyə sərhədindəki qaçaqmalçılara satılır.
İndi Rusiya iddia edir ki, Türkiyə onun Su-24 təyyarəsini məhz bu neft alış-verişini qorumaq üçün vurub. Türkiyə "İslam dövləti"ndən neft aldığı barədə iddiaları daim danıb.
BBC-nin müdafiə məsələləri üzrə müxbiri Frank Qardner isə deyir ki, Türkiyə hökumətinin bu işə qarışacağını göstərən sübut olmasa da, belə bir alverin həqiqətdə baş verməsinin çoxsaylı dəlilləri vardır.

2003-cü ilin İraq müdaxiləsi

2002-ci ildə İraqın baş naziri Tariq Əziz demişdi ki, İraqa qarşı hərbi hərəkət təhlükəsinin səbəbi neftdir. O zamanlar bu, bütün Ərəb dünyasında geniş yayılmış inanc idi. İraq dünyanın ən böyük neft ehtiyatlarından birinə malikdir və əksər ekspertlər inanırlar ki, neft bu münaqişədə, şübhəsiz, faktor olub. Hərçənd onun bəlkə də əsas faktor olmadığı söylənir.

Səddama heç də dost münasibəti olmayan "The Economist" jurnalı 2002-ci ildə belə bir nəticəyə gəlmişdi ki, Səddam Hüseynin devrilməsinə yönəlmiş müdaxilədə ABŞ-ın əsas motivi onun həqiqətən və ya potensial olaraq kütləvi qırğın silahlarına malik olması olsa da, ölkənin nəhəng neft yataqlarının açılması da öz mühüm rolunu oynamışdı.
Səddam Hüseynin neft gəlirlərindən istifadə edərək öz strateji nüfuzunu artıracağına şübhələr də faktor sayıla bilər.
ABŞ-ın o vaxtkı vise-prezidenti Dik Çeyni 2002-ci ildə İraqın ambisiyaları barədə xəbardarlıq edərkən demişdi: "Gözləmək olar ki, bundan sonra Səddam Hüseyn bütün Yaxın Şərqdə hegemonluq fikrinə düşsün və dünya neft təchizatının böyük bir hissəsini öz nəzarəti altına alsın".

1991-ci ilin Birinci Körfəz müharibəsi

1991-ci ilin müharibəsi ərəfəsində başlıca antihərb şüarı "Neft üçün qan tökməyin!" idi.
Neftin bu münaqişədəki rolu danılmazdır.

Münaqişə İraqın neftlə zəngin Küveytə müdaxiləsindən sonra başlanmışdı. Səddam Hüseyn bu ölkəni İraqın bir əyaləti hesab edirdi.
Birləşmiş Ştatların və onun müttəfiqlərinin bu münaqişəyə müdaxiləsinin əsas motivi Küveyt neftinin təhlükəsizliyini təmin etmək və həmçinin Səddan Hüseynin bu neftə sahiblənməsinin qarşısını almaq idi.

1953-cü il İran çevrilişi

Neft 1953-cü ildə İranda ABŞ və Britaniyanın təşkil etdiyi hökumət çevrilişində əsas rol oynayıb. Bu iki ölkə seçilmiş baş nazir Məhəmməd Müssədiqi devirməklə, Rza şah Pəhləvinin hakimiyyətini bərqərar edib. Şahın hakimiyyətinə isə 1979-cu ildə İslam təməlçilərinin əli ilə son qoyulub.
Cənab Müssədiqin əsas "günahı" Britaniyanın Anqlo-İran Neft Şirkətini (AİNŞ) milliləşdirmək cəhdi olub. AİNŞ sonralar British Petroleum (BP) adlandırılıb.
İranın, Qərbə daim şübhə ilə baxması bu müdaxilələrdən qaynaqlanır.

İkinci Dünya Müharibəsi

Adətən, İkinci Dünya Müharibəsinin faşizm əleyhinə mübarizə olduğu düşünülür, lakin dünyanın ən qanlı çarpışması olan bu münaqişədə də neft öz rolunu oynayıb.
Yaponların Perl Harbora hücumunun kökündə, ən azı qismən, Birləşmiş Ştatların 1941-ci ildə Tokionun Çinə müdaxiləsinə cavab olaraq, Yaponiyanın neft idxalını məhdudlaşdırmaq qərarı durur.

Yaponiya, demək olar, tamamilə idxal olunan neftdən, ələlxüsus da ABŞ neftindən asılı idi. Neft ona dəniz donanmasının yanacağı üçün lazım idi.
Müharibənin Avropa səhnəsində, o zaman Sovet İttifaqının tərkibində olan neftlə zəngin Azərbaycan, Almaniya müdaxiləsinin məqsədlərindən biri idi.
Məhz bu istək almanların cənuba üz tutaraq Stalinqradda mühasirəyə düşmələrinə səbəb oldu.
Stalinqrad döyüşü bütünlükdə müharibənin dönüş nöqtəsi oldu.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/387243.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR