Rus qadın və türk kişi: sevgi və siyasət

Rus qadın və türk kişi: sevgi və siyasət
13:17 3 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Rusiya-Türkiyə arasında son həftələr baş verən gərginlik Türkiyədə yaşayan gənc rus və türk sevgilinin münasibətinə də az qala təsir etmişdi.

Yevgeniya Smirnova və Göktürk Çalışkan il yarımdır ki, birlikdədirlər.
Onlar, Yevgeniya turizm mövsümündə Antalyada işlədiyi zaman tanış olublar. Göktürk də o zaman Ankaradan Antalyaya mövsümi iş üçün getmişdi. Bir-birilə əsasən ingiliscə, eyni zamanda rusca və türkcə danışırlar.
Rusiyanın Su-24 təyyarəsinin Türkiyə tərəfindən vurulmasından sonra cütlük mübahisə etsə də, Moskva və Ankaradan fərqli olaraq, Yevgeniya və Göktürk arasındakı gərginlik çox çəkməyib.

"Çətindir"

"Antalyada biz birlikdə turizm sektorunda çalışmışdıq. Hər şey öz-özünə və çox asanlıqla baş verdi. Romantizm və pafosa görə bağışlayın, birlikdə olduğumuz müddətdə sadəcə iki həftə küsülü qala bilmişik", - Yevgeniya deyir.

İki ölkə arasında davam edən və münasibətlərin, demək olar ki, bütün sahələrinə təsir edən siyasi gərginlik etnik qarışıq ailələrin gündəlik həyatlarına təsirsiz ötüşməyib.

Noyabrın 25-də Suriya-Türkiyə sərhədi yaxınlığında rus hərbi təyyarəsinin türk qırıcıları tərəfindən vurulması Rusiya-Türkiyə münasibətlərində siyasət, iqtisadiyyat, təhsil, mədəniyyət və daha bir çox sahələrdə əlaqələri iflic durumuna salıb.

Milli.Az BBC-yə istinadən bildirir ki, rus-türk evlilikləri iki ölkə xalqlarının münasibətlərində xüsusi çəkiyə sahibdir.

Rus-türk qarışıq nikahlarına bəzən "iki ölkə arasındakı sağlam münasibətlərin təməli", bəzənsə "Türkiyədəki gizli rus ordusu" kimi baxırlar.

"Türk xalqı da rus xalqını getdikcə daha yaxından tanıyır. Sayı hər keçən gün artan qarışıq evliliklər və bu ailələrin uşaqları, gələcəkdə türk-rus dostluğunun ən möhkəm təməllərini yaradacaqlar", - sabiq prezident Abdullah Gül 2009-cu ilin fevralında Rusiyaya etdiyi səfəri zamanı belə demişdi.

"Siyasi böhran məni də ciddi şəkildə narahat edir. Bizim kimi qarışıq ailələr üçün indi çətindir. Türkiyə, hələ ki, dünyəvi dövlətdir. Və birgə yaşamaq üçün rəsmi nikah tələb olunmur. Bir çox cütlüklər birlikdə yaşayaraq planlar düşünür, toyları üçün pul yığır və ya təhsillərini başa vurmağı gözləyirlər. Və indi elə bir durum yaranıb ki, evliliklə bağlı rəsmi sənədi olmayanlar ailə hesab edilmədiklərindən məcburi şəkildə ayrıla bilərlər", - Smirnova yaşanan siyasi-iqtisadi gərginlik üzündən Türkiyəni tərk etmək və sevgilisi Göktürkdən ayrılmaq qorxusundan bəhs edir.

"Axmaq səbəb"

Cütlük narahatdır ki, rəsmi nikahları olmadığından iki ölkə arasındakı siyasi gərginlik üzündən Migrasiya idarəsi növbəti il üçün Jenyanın turist vizasını uzatmaqdan imtina edə bilər.
"İnsanlar hətta nişanlı da ola bilərlər. Amma bu, dövlətlər üçün əsas amil deyil. Kağız yoxdursa, ailə sayılmır. Əlbəttə ki, bu, qorxuludur", - deyir Yevgeniya Smirnova.

"2016-cı ildən Türkiyə vətəndaşları Rusiya Federasiyası ərazisinə giriş üçün viza almalıdırlar. Viza almaq hər kəsə nəsib olmayacaq. Müntəzəm aviareyslərə bilet almaq da... Türkiyədə turist kimi rəsmi yaşayış hüququ olanlar da bilmirlər ki, növbəti ildə onların oturumu uzadılacaq, ya yox. Bəlkə də birbaşa deportasiya olmadı, amma əgər Türkiyə oturumu uzatmazsa, Rusiya isə viza verməzsə, nə edəcəyik?!" - Smirnova əlavə edir.
Göktürk Jenya ilə bərabərliyinin siyasi münaqişədən təsirlənməməsi üçün münasibətərini rəsmiləşdirmək qərarına gəlib.

"Bu, o qədər gərəksiz, acı və axmaq bir durumdur ki, nə düşünməli olduğumu belə bilmirəm. Amma bunu bilirəm ki, evlilik üçün bəzi şeylərin olmasını gözləməyəcəyəm. Çünki belə bir axmaq səbəb üzündən ondan (Yevgeniyadan) ayrı qala bilmərəm".
Jenya və Göktürk daha bir neçə il rəsmiləşdirmədən davam etdirməyi düşündükləri münasibətərini ən qısa zamanda evlənərək rəsmiləşdirmək qərarına gəliblər.

"Jenya SSRİ dövrünü görmüş bir insandir. Rusiyasının da nə qədər dəli olduğunu bilir. Turist vizası ilə Türkiyədə mənimlə daha çox qala bilməz - bunu da bilir. Onun üçün də evlilik addımlarına başlamışıq. Evlənsəm, kimsənin arvadım üzərində söz haqqı qalmaz. Bu vəziyyətdən ancaq belə xilas ola bilərik. İki il sonraya düşündüyümüz evliliyi bir an əvvəl edəcəyik ki, Jenya Rusiyaya dönmək məcburiyyətində qalmasın", - rus Jenyanın türk sevgilisi Göktürk deyir.

Evlənmə

Yerli qanunvericiliyə əsasən, xarici vətəndaşla evliliyin rəsmiləşdirilməsi üçün qarşı tərəfdən bir sıra sənədləri təqdim etmək tələb olunur.
"Həyat yoldaşım əcnəbi olduğu üçün Evləndirmə idarəsinə əlavə sənədlərlə müraciət olunmalıdır. İlk əvvəl bu sənədləri konsulluqdan almaq üçün oraya müraciət etdik. Amma konsulluğun bu cür sənədləri verməli olan bölümü bağlanılıb. Bir e-mail yazdıq və göndərdik. Bu gün-sabah üçün xəbər gözləyirik. Cavab mənfi olarsa, Jenyanı Rusiyaya göndərəcəyəm ki, sənədləri birinci əldən alıb geri dönsün", - Göktürk Jenya ilə evliliklə bağlı çətinlikləri aşacağını söyləyir.
"Mən burada ona görə yaşayıram ki, bura sevdiyim kişinin vətənidir və indi onun burada olması vacibdir. Mən bir illiyinə evimə dönməyim lazım gələndə o, Türkiyədəki bütün işlərini ataraq mənimlə gəlmişdi. İndi isə mən onu burada dəstəkləyirəm. Onsuz da bu elə də asan məsələ deyil - hər dəfə bilet, viza, sığorta ilə bağlı məsələlər çıxır. Əgər siz fərqli ölkələrdənsinizsə, birlikdə olmanız üçün daha çox pul və cəhdlər göstərməniz lazım gəlir", - Jenya deyir.

İki dövlət arasındakı gərginliyin ilk günlərində bu ikili də qısamüddətli münaqişə yaşayıb.
"Siyasi oyunları qavraya biləcək iradəyə sahib cütlüyük. Sənin ölkən, mənim ölkəm kimi mübahisələrə çox girmirik. Bir ara mübahisə etmiş kimi olduq. Sonradan özümüzdən utandıq. Mübahisəmizi çözmək çətin olmadı. Çünki türk mətbuatında sərhədi keçildiyinə, rus mətbuatında isə keçilmədiyinə dair xəbərləri görüncə, ikisindən biri yalan söyləyir deyib kənara çəkildik", - Göktürk xatırlayır.
"Sadə insanlar, gənc ailələr indi həqiqətən sarsıntı keçirirlər və siyasətçilərin hər bir addımını izləyirlər. Mənim ailəm, qohumlarımdan heç kim qorxmur ki, Türkiyədə mənə qarşı pis davranmağa başlayarlar. Amma buradakı ailəmin dağıla biləcəyindən qorxurlar. Onlar qorxurlar ki, bu və ya digər ölkənin xeyrinə son qərar vermək məcburiyyətində qalacağam - bax, bu, çox dəhşətlidir", - Yevgeniya Smirnova deyir.
Ötən həftəsonu Antalyada 6-cı Rus, Ukrayna, Türk mədəniyyətləri dostluq festivalı keçirilib. Təbii daşlardan bilərziklər düzəldib satan Jenya və Göktürk də əl işləri sərgisinə qatılmaq üçün bu festivala dəvət ediliblər. Onlar bu sərgiyə Ankaradan qatılıblar.
"Mən Antalyadakı festivala adi sərnişin avtobusunda, türklərlə birlikdə getdim. Hazırda türk dostlarımızın yanında yaşayırıq. Axşamlar isə mən rus yeməklərindən hazırlayıram. Mən sadə türkər və ruslar arasında münasibətlərin pozulmasını hiss etmirəm. İnsanlar istəmirlər ki, bir-birlərini incitsinlər. Ailəni itirmək təhlükəsi varkən, siyasətə görə dalaşmağın əhəmiyyəti yoxdur. Çox istərdim ki, vəziyyətin hər hansı şəkildə inkişafı zamanı hökumətlərimiz sadə insanlar və onarın həyatı haqqında düşünsünlər", - Jenya deyir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/387239.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR