Aran iqtisadi rayonunda 80-ə yaxın sahibkara 2 milyon manatdan çox güzəştli kredit verilib

15:28 3 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 3 dekabr, AZƏRTAC
İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun dekabrın 3-də Biləsuvar rayonunun İsmətli kəndində keçirdiyi işgüzar forum çərçivəsində Aran iqtisadi rayonunda fəaliyyət göstərən 80-ə yaxın sahibkara 2 milyon manatdan çox güzəştli kredit verilib. Kreditlər əsasən, taxılçılıq, heyvandarlıq, əkinçilik, qapı-pəncərə istehsalı sahələrinin inkişafına yönəldiləcək.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumat verilib, Biləsuvarda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunub, sahibkarlarla müvəkkil kredit təşkilatları arasında işgüzar münasibətlər qurulub, sahibkarların investisiya layihələri maliyyələşdirilib.
Yüzə yaxın sahibkarın iştirak etdiyi forumda Biləsuvar rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan cins heyvandarlıq, intensiv bağçılıq və tərəvəzçilik təsərrüfatlarının, pendir istehsalı, meyvəqurutma, üzlük daşlar və dam örtükləri istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin bütünlüklə dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bu ilin ötən dövrü ərzində sahibkarlara verilən güzəştli kreditlər barədə ətraflı məlumat verib.
Forum çərçivəsində Biləsuvar rayonunun Təzəkənd, Bəydili və Aranlı kəndləri ərazisində güzəştli kredit ayrılmış 200 hektar sahədə nar bağlarına baxış keçirilib. Son illər 1659 hektar ərazidə 22 intensiv bağçılıq və tingçilik təsərrüfatının yaradılmasına 20,8 milyon manat dövlətin güzəştli kreditləri verilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Aran_iqtisadi_rayonunda_80_e_yaxin_sahibkara_2_milyon_manatdan_chox_guzestli_kredit_verilib-907895

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR