Nardaranda polislər üçün çadrlar quruldu

Nardaranda polislər üçün çadrlar quruldu
16:16 3 Dekabr 2015
91 Ölkə
Ölkə mətbuatı
A- A+

"Əvvəlki günlərdə olduğu kimi Nardaranda gecə və gündüz əməliyyatlar davam edir. Kənddəki postların sayı artırılıb. Demək olar ki, hər küçənin girişində polis postu var".

Bu fikirləri ANS PRESS-ə Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov deyib. Onun sözlərinə görə, qurulan postlarda vətəndaşların sənədləri yoxlanılır və giriş-çıxış üçün icazə verilir:

N.Kərimov deyir ki, hazırda kənddə yoxlamalar davam edir. Saxlanılan şəxslərin də çoxu dindirildikdən sonra buraxılır. Bundan başqa kəndə polislərin dincəlməsi üçün çadırlar da gətirilib. "Yəqin ki, polis əməkdaşları Nardaranda çox qalacaq. Onların burda olmasının bizim üçün heç bir problemi yoxdur".


Natiq Kərimov - Nardaran ağsaqqallar şurasının sədri

ANS PRESS-in kənddə olan müxbiri isə kəndin girişində hərəkəti məhdudlaşdıran beton plitələr qoyulduğunu bildirib. Buna səbəb isə yoxlamanı daha asan həyata keçirməkdir.

Natiq Kərimov kənddə silah-sursat aşkarlanmasına da münasibət bildirib: "Kənddən silah-sursat nə qədər tez çıxsa, bir o qədər yaxşıdır. Daxili işlər nazirinin müavini Vilayət Eyvazov da kənddə olarkən bildirdi ki, kimdə silah varsa bir qırağa atsın və polisə məlumat versin. Hüquq-mühafizə orqanı əməkdaşları bütün silah-sursatı aşkar etməmiş kənddən getməyəcək. Mən özüm də kənd sakinlərinə tapşırmışam ki, kimdə silah-sursat varsa müvafiq şəxslərə məlumat versin".

Kəndin isə hazırda ən böyük problemi elektrik enerjisi ilə bağlıdır. Belə ki, 26 noyabrdakı əməliyyatdan sonra kəsilən elektrik enerjisi bərpa olunmayıb. Bu problem sakinləri çox narahat edir. "Əgər enerji verilsə sakinlər də öz evlərinə yığışar. Ancaq bu problem hələ də həll edilməyib. Ailələr odun sobasından istifadə edir və bütün ailə qızınmaq üçün bir sobanın ətrafına cəmlənir".

Elektrik enerjisinin verilib-verilməyəcəyi ilə bağlı ANS PRESS-in sualına "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin cavabı çox qısa oldu: "Onlar elektrik enerjisinə görə yaranan borclarını verdilər?".
Qurum rəsmisi başqa açıqlama verməkdən imtina edib.


Kənddə olan polislər

Nardaranda noyabr ayının 26-da atışma olub. Hadisə zamanı 2 polis əməkdaşı və 4 yerli sakin dünyasını dəyişib. Dekabr ayının 1-i səhər saatlarında da Nardaranda yenidən xüsusi əməliyyat başlayıb. Əməliyyatla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumatda deyilir:

Dekabr ayının 1-də saat 08.00-da qəsəbədə xüsusi əməliyyat keçirilməsinə başlanılıb. Müvafiq plana uyğun olaraq Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və nizami polis hissələrinin məhdud sayda xüsusi texnikası, şəxsi heyəti qəsəbəyə daxil olmuş, müəyyən edilmiş yerlərdə postlar qoyulub və hazırda xüsusi əməliyyat zonasında Baş Prokurorluğun, Daxili İşlər və Milli təhlükəsizlik nazirliklərinin istintaq-əməliyyat qrupu fəaliyyət göstərir.

Nardaran qəsəbəsinin sakinlərindən, onların əmin-amanlığının təmin olunması naminə keçirilən xüsusi əməliyyat zamanı hüquq qaydasına ciddi riayət etmələri, ictimai asayiş, hakimiyyət nümayəndələrinin həyat və sağlamlığı üçün təhlükə törədən və şərait yaradan hərəkətlərə yol verməmələri, göstərişlərinə əməl etmələri tələb olunur.

Eyni zamanda bildirilir ki, xüsusi əməliyyatı həyata keçirən qüvvələrə müqavimət göstərən, silahlı və ya silah qismində əşyalarla hücüm edən, ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə yol verən şəxslər haqqında qanun çərçivəsində dərhal ən ciddi tədbirlər görüləcək.
Xüsusi əməliyyat Azərbaycan Respublikası Prezidentinin nəzarətindədir və onun gedişi mütəmadi məruzə olunur.







Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=366339

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR