Latviya ilə əmək və sosial müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Latviya ilə əmək və sosial müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
16:43 3 Dekabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 3 dekabr, AZƏRTAC 
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) ilə Latviyanın Rifah Nazirliyi arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlığın gələcək istiqamətləri müzakirə olunub.
ƏƏSMN-in ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyası nəticəsində ölkəmizdə əldə olunmuş mühüm tarixi nailiyyətləri diqqətə çatdırıb. Nazir bununla belə Ermənistanın Azərbaycan ərazisinin 20 faizini hələ də işğal altında saxlamasının ölkəmizin inkişafında ciddi maneə olduğunu vurğulayıb: “Bu hərbi təcavüz nəticəsində 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib, respublikamızın iqtisadiyyatına 60 milyard dollardan çox ziyan vurulub, minlərlə infrastruktur obyekti, müəssisələr, milli mədəniyyət abidələri dağıdılıb, əmək ehtiyatları ciddi şəkildə azalıb. Ermənistan BMT-nin qətnamələrinə, ATƏT-in, digər mötəbər beynəlxalq təşkilatların qərarlarına məhəl qoymadan bu işğalı davam etdirməkdədir”.
S.Müslümov ölkəmizdə bu işğaldan zərər çəkən əhalinin - qaçqın və məcburi köçkünlərin, ölkənin ərazi bütövlüyünün müdafiəsi zamanı əlil olmuş insanların etibarlı sosial müdafiəsi sahəsində aparılan işlər barədə ətraflı məlumat verib. Nazir bildirib ki, sosial problemlərin həlli, rifah səviyyəsinin yüksəldilməsi, sosial cəhətdən həssas əhali qruplarının təminatının gücləndirilməsi Azərbaycanın inkişaf modelinin əsas xüsusiyyətidir. Bunun real göstəricisi olaraq iqtisadi tərəqqi prosesləri sosial siyasətin də ilbəil güclənməsi ilə müşahidə edilir: “Bu siyasətin daha səmərəli və mütərəqqi iş üsulları əsasında icrasının təmin edilməsi, əmək və sosial müdafiə sisteminin müasir və şəffaf mexanizmlər əsasında qurulması hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılan islahatların əsas məqsədidir”.
S.Müslümov nazirliyin fəaliyyət sahələri, əmək münasibətlərinin elektron qeydiyyat sisteminin tətbiqi sahəsində ölkəmizdə əldə olunmuş uğurlu təcrübə barədə məlumat verib. Nazir sosial təminat, tibbi-sosial ekspertiza və reabilitasiya sistemlərinin elektron əsaslar üzərində avtomatlaşdırılması işlərindən bəhs edərək, habelə elektron xidmətlərin göstərilməsi, əlilliyin müəyyən olunması meyarlarının beynəlxalq standartlar əsasında təkmilləşdirilməsi istiqamətində aparılan islahatlara toxunub: “Biz digər ölkələrlə olduğu kimi, Latviya ilə ikitərəfli əməkdaşlığımızda da bu sahələrlə bağlı qarşılıqlı təcrübə və məlumat mübadilələrinin aparılmasına xüsusi önəm veririk”.
Nazir əlilliyi olan şəxslərin maddi və mənəvi tələbatlarının ödənilməsi, habelə onların yaradıcılıq potensiallarının dəstəklənməsi və cəmiyyətə təqdim olunması sahəsində aparılan işləri də qeyd edərək, ölkəmizdə dövri olaraq həmin insanların yaradıcılıq sərgilərinin təşkil edildiyini bildirib: “Qarşıdakı dövrdə Azərbaycandakı əlilliyi olan şəxslərin Latviyada və həmin ölkədəki əlilliyi olan şəxslərin Azərbaycanda yaradıcılıq sərgilərinin keçirilməsi bu təbəqədən olan insanların yaradıcılıq nümunələrinin daha geniş məkanda təqdim olunması baxımından əhəmiyyətli olardı. Belə tədbirlər əlilliyi olan insanların yaradıcılıq əzmini daha artırmağa əlavə stimul verə bilər”.
Latviyanın rifah naziri U.Augulis ölkəsində də əmək və sosial müdafiə sistemində mühüm islahatların aparıldığını və müsbət təcrübələrin olduğunu bildirib. O, hər iki nazirlik arasında əməkdaşlığın, eləcə də təcrübə və məlumat mübadilələrinin ümumi işlərdə uğurlu nəticələr üçün yaxşı əsas yaradacağını vurğulayıb. U.Augulis əlilliyi olan şəxslərin yaradıcılıq sərgilərinin qarşılıqlı olaraq Azərbaycanda və Latviyada təşkili ilə bağlı təklifi də müsbət dəyərləndirib.
Görüşdə iki nazirlik arasında əmək və sosial müdafiə sahəsində ikitərəfli əməkdaşlığın gələcək istiqamətləri, ümumi maraq kəsb edən fəaliyyət sahələrində təcrübə və məlumat mübadilələrinin təşkili məsələləri müzakirə edilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Latviya_ile_emek_ve_sosial_mudafie_sahesinde_emekdasliq_meseleleri_muzakire_edilib-907944

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR