Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Heydər oğlu Əliyevə  MÜRACİƏT

16:58 3 Dekabr 2015
12 Digər
Ölkə mətbuatı
A- A+


Zati-aliləri! Möhtərəm cənab Prezident!
Biz, Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şurasının və Qazılar Şurasının üzvləri, Azərbaycanın bölgələrindən olan din xadimləri və alimləri ölkəmizin dini ictimaiyyətinin narahatlığını, dindarların çoxsaylı müraciətlərini nəzərə alaraq Zati-alilərinizə müraciət edirik.
Bölgələrdə fəaliyyət göstərən din xadimləri - axund və imamlarımızın ümumi fikrini, habelə elmi-dini ictimaiyyətin rəyini nəzərə alaraq, QMİ Elmi-Dini Şurası və Qazılar Şurasının üzvləri Azərbaycanda hökm sürən ictimai-siyasi sabitliyə, tolerant və multikultural mühitə və məzhəblərarası münasibətlərə zərbə vurmaq, hüquqi, demokratik dövlətin əsaslarını sarsıtmaq niyyətilə Nardaran qəsəbəsində bir qrup təxribatçı tərəfindən törədilmiş terror hadisəsini dinlə bağlamaq cəhdlərini birmənalı olaraq rədd edir, baş verənləri xarici və daxili pozucu qüvvələr tərəfindən siyasi məqsədlərlə gündəmə gətirilən, cəmiyyətdə nifaq salmaq və dövlət çevrilişinə cəhd kimi qiymətləndirirlər.
Azərbaycanın ictimai-siyasi sabitliyinə, tolerant həyat tərzinə xələl gətirə biləcək hər hansı xain əməl layiqli cəzasını almalıdır. Dini pərdə altında fəaliyyət göstərən radikal qruplar bu hadisələrdən lazımi nəticə çıxararaq, öz məkrli niyyətlərinə son qoymalıdırlar. Taleh Bağırzadə və onun himayədarları tərəfindən yaradılmış “Müsəlman Birliyi” adlı qondarma qurumun dindarlara heç bir aidiyyatı yoxdur və o, QMİ tərəfindən dini qurum olaraq tanınmır. QMİ Elmi-Dini Şurasının və Qazılar Şurasının üzvləri olaraq, hüquq-mühafizə və xüsusi xidmət orqanlarından tələb edirik ki, ölkəmizin bütün inanclı insanlarının dərin narahatlığına səbəb olmuş bu hadisəni, kimliyindən asılı olmayaraq, dindən sui-istifadə etməklə törədənlərin dövlətçiliyimizə təhlükə yaradan əməllərinə hüquqi-siyasi qiymət verilsin. Bu, Azərbaycan dindarlarının haqlı tələbidir. Bir daha Nardaranda təxribatın qarşısının alınması zamanı öz xidməti vəzifəsini yerinə yetirərkən şəhid olmuş Vətən övladlarına Allahdan rəhmət diləyir, onların ailələrinə dərin hüznlə başsağlığı veririk.
Zati-aliləri! QMİ Elmi-Dini Şurası və Qazılar Şurasının üzvləri olaraq, öz vəzifəmizi gənc nəslin milli mənəvi dəyərlər, mötədil İslam ruhunda tərbiyəsi işini daha da gücləndirməkdə, maarifçilikdə, dinlər və məzhəblərarası tolerantlıq, multikulturalizm ənənələrinin təbliğində görürük. Dövlətimizin dəstəyinə arxalanaraq bu işi daha ardıcıl surətdə həyata keçirmək amalımızdır.
Azərbaycan dindarları dövlətçiliyimizə sadiqdirlər, milli mənafelərimiz, dini-mənəvi dəyərlərimizin qorunması istiqamətində Zati-alilərinizin siyasətini, müstəqilliyimiz əleyhinə təxribatların qarşısının qətiyyətlə alınması yönündə səylərini dəstəkləyirlər. Əminik ki, sabitlik və inkişafımızı gözü götürməyən qüvvələrin bu kimi təxribatçı cəhdləri möhkəm təməllər üzərində təşəkkül tapmış dövlətçiliyimizin əsaslarını heç bir vəchlə sarsıda bilməz, inşallah!
Qoy Ulu Yaradanımız öz nəzərini Sizin üzərinizdə daimi etsin! AMİN!

Müraciət Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şurasının və Qazılar Şurasının
birgə toplantısında qəbul olunub (3 dekabr 2015-ci il).

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Respublikasinin_Prezidenti_Zati_alileri_cenab_Ilham_Heyder_oglu_Aliyeve_MURACIAT-907958

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR