İlahi sevgi, ərini xilas edən Səadət və ya bir əməliyyatdan REPORTAJ

İlahi sevgi, ərini xilas edən Səadət və ya bir əməliyyatdan REPORTAJ
17:34 3 Dekabr 2015
31 Sosial
Ölkə mətbuatı
A- A+

 

Sirac üçün gözlənilən gün gəlib çatdı. Bu sabah o, Mərkəzi Neftçilər Xəstəxanasında əməliyyat olundu.

 

Sirac Zeynalovun cəmi 35 yaşı var. Sol böyrəyini uşaqlıqdan itirən Sirac 2 ildən çoxdur ki, dializin ümidinə yaşayır. Daha doğrusu yaşayırdı. Bu gün ona Mərkəzi Neftçilər Xəstəxanasında böyrək köçürüldü. Bu şansı ona həyat yoldaşı Səadət Məmmədova və həkimlər verdi.

 

 

Hələ bu ilin aprel ayında Lent.az-da “20 günün hökmü, övlad yanında xəcalət və ya Siracı necə xilas etməli?” başlıqda onun haqqında geniş yazı getmişdi. Material yayımlanandan qısa müddət ilk reaksiya millət vəkili Qənirə Paşayevadan gəldi. Daha sonra Siraca dövlət sahib çıxdı və dövlət xəttiylə böyrək köçürüldü. Böyrəyi isə ona ömür-gün yoldaşı 22 yaşlı Səadət verdi.

 

Bu ailəylə tanışlığımız müsahibə əsnasında oldu. Kasıb, lakin mehriban ailələri var. İki də övladları: biri qız, biri oğlan. Bu günə birgə addımlayıblar. Bir gün belə oldu, Səadət Siracı bu çətin sınaqda tək qoymadı.

 

 

Səadət deyir, bütün gecə göz qıpmağa macal olmayıb. Əməliyyata hazırlıq prosesi keçiblər. Siracın dializdən qabar olmuş venasına dalbadal iynələr yeridiblər.

 

Bu sabah yanlarına getdim. Ər-arvad bir palatada yatırdılar. Sirac otağın tavanına baxıb Səadətlə danışırdı. Daha doğrusu bir-birinə ürək-dirək verirdilər.

 

Bir qədər sonra içəri tibb bacısı girdi. Əvvəl əməliyyata Səadət girəcəkdi. Birinci donor əməliyyat olunurmuş.

 

Ayrılıq vaxtı çatanda bir-birinə sarıldılar. Sirac iynələrdən dəlik-deşik olmuş qollarıyla Səadəti bərk-bərk qucaqladı. Sanki bir-birini bir daha görməyəcəkmiş kimi. Sonra qulağına nəsə dedi. Səadət qızarıb, gülümsündü. İlahi, onların gözündəki sevgini görmək lazımıydı!

 

Bir qadın necə bu qədər fədakar ola bilər? Hardandı onda bu qədər böyük ürək? Böyrəyini ərinə necə ürəklə bağışlayırdı?! Sanki elə belə də olmalıydı.

 

Səadət getdi. Bir qədər sonra Siracın da dalınca gəldilər. Onu da hazırlayıb əməliyyat otağına apardılar. Bu dəfə palatada tək qaldım. Hələ də o səhnə gözümün önündən getmirdi. Mən hələ də ordaydım. Siracın Səadəti qucaqladığı o anda.

 

Sirac da gedəndən sonra bizə qaldı gözləmək. Saatlar bir-birini əvəz etdikcə səbrimiz tükənir, hər kəs əməliyyatın bitəcək vaxtı dörd gözlə gözləyirdi. Və nəhayət əməliyyat bitdi.

 

Mərkəzi Neftçilər Xəstəxanasının Cərrahiyyə və Orqan Transplantasiyası Şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi əməliyyatın uğurla nəticələndiyini və xəstənin, eləcə də donorunun vəziyyətinin qənaətbəxş olduğunu bildirir.

 

- Əməliyyat zamani hər hansı bir problem yaşanmadı, köçürülmüş orqandan əməliyyat masasında dərhal böyrək fəaliyyəti də görüldü. Qısa reabilitasiyadan sonra xəstə normal vəziyyətdə evinə göndəriləcək. Təxminən 7-10 günə. Onu da tam demək olmur. Üçüncü günündə gedən də var, iyirminci günündə də. Xəstə evə gedə bilməsi üçün tam hazır olmalıdır.

 

 

Donor əməliyyatını icra edən doktor Eldar Əhmədov əməliyyatın qapalı, yəni laparoskopik üsulla olunduğunu və donorun təxminən 3 gün sonra evə yazıla biləcəyini söyləyib. Nefroloq həkim tibb üzrə fəlsəfə doktoru Elnur Fərəcov xəstənin əməliyyatdan sonra da ciddi nəzarət altında qalacağını və mütəmadi kontrollara gələcəyini qeyd edib.

 

Qeyd edək ki, bu, Cərrahiyyə və Orqan Transplantasiyası Şöbəsində həyata keçirilən 267-ci böyrək transplantasiyası  əməliyyatıdır.

 

Beləliklə, xroniki böyrək çatmazlığından əziyyət çəkən Sirac həyat yoldaşı Səadət tərəfindən bəxş olunan böyrək ilə ikinci həyata qayıtdı.

 



Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/223828

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR