Elmar Məmmədyarov: ATƏT-in müfəssəl təhlükəsizlik konsepsiyasının üç ölçüsünün daxili tarazlığı pozulub

18:18 3 Dekabr 2015
9 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 3 dekabr, AZƏRTAC
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Nazirlər Şurasının 22-ci görüşündə çıxış edib.
E.Məmmədyarov deyib ki, builki Nazirlər Şurası sülh və təhlükəsizliyə ciddi təhdidlərin baş verdiyi bir dövrə təsadüf edir. Türkiyədə və Fransada törədilmiş son terror aktları, iştirakçı dövlətlərin ərazilərinin hərbi işğalı, daimi məcburi köçkün və qaçqınlar böhranı təhlükəsizliyimizə təhdid olmaqda davam edir.
Helsinki Yekun Aktının 40 illiyini qeyd etdiyimiz bir zamanda ATƏT-in fəaliyyətinin gücləndirilməsi üçün təşkilatın prinsiplərinin bir daha təsdiq edilməsindən daha çox iştirakçı dövlətlərin öhdəliklərə əməl etməsini təmin edəcək praktik ölçülərin müəyyənləşdirilməsinə ehtiyac olması barədə ümumi yanaşma var. Bəzilərinin bəyan etdiyinin əksinə olaraq, prinsiplər arasında hər hansı ziddiyyət və ya daxili münaqişə yoxdur. Yekun Aktın tərtib edilməsi tarixinə nəzər salsaq, Avropa qitəsində sülhün qorunub saxlanılmasına dair müfəssəl təhlükəsizlik konsepsiyasının özəyi kimi, iştirakçı dövlətlər arasında ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin güc tətbiq etmək və ya təhdid etməklə pozulmasından çəkinməyə dair öhdəlik götürülməsinə ehtiyac olması barədə tam konsensus olub. Bu, Yekun Aktın əsas gücü olmaqda da davam edir.
Hazırda ATƏT-in müfəssəl təhlükəsizlik konsepsiyasının üç ölçüsünün daxili tarazlığı pozulub. İnsan hüquqları ölçüsünün təzyiq aləti kimi yanlış istifadəsinə cəhdlər ATƏT daxilində etimad böhranını yalnız dərinləşdirib. Müvafiq mandatların pozulması və ATƏT-in icraedici strukturlarının fəaliyyətində ciddi çatışmazlığın inkarı onların müqabil olmasını sual altına qoyur. İştirakçı dövlət icraedici struktur tərəfindən mandatın ciddi şəkildə pozulmasına dair xəbərdarlıq edirsə, bu məsələ nəzərdən keçirilməli və ATƏT-in maraqları çərçivəsində nizamlanmalıdır. Nazir bu kontekstdə, iştirakçı dövlətin seçkilərlə bağlı yardım tipli əməkdaşlıq xahişinə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun imtinası nəticəsində yaranmış spesifik vəziyyəti diqqətə çatdırıb. Bildirib ki, ATƏT-in qurumu tərəfindən öz mandatının pozulması DTİHB ilə gələcək əməkdaşlığımızın perspektivlərinə mənfi təsir göstərməyə bilməz. Bu vəziyyət araşdırılmalı və belə insidentlərin gələcəkdə yenidən baş verməsinin qarşısının alınması üçün müvafiq prosedurlar yerinə yetirilməlidir.
Nazir bildirib ki, ATƏT məkanında həlli uzadılmış münaqişələr Avropa qitəsində sülh və təhlükəsizliyə əsas təhdid və çağırış olmaqda davam edir. Təəssüf ki, Bazeldə keçirilmiş son Nazirlər Şurası görüşündən sonra Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması prosesində real irəliləyiş olmayıb. Ermənistan ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin prezidentləri də daxil olmaqla, beynəlxalq ictimaiyyətin sülh müqaviləsi üzərində nəticəyönümlü danışıqlara başlanılmasına dair çağırışlarına məhəl qoymur. Ermənistan rəhbərliyi qeyri-qanuni güc tətbiqi və etnik təmizlənmə vasitəsilə yaradılmış davamlı olmayan status-kvonun möhkəmləndirilməsi üçün danışıqlarda iştirak görüntüsü yaradır.
Təcavüzkar və təcavüzün qurbanı olan tərəfə “tarazlı” və fərq qoyulmadan yanaşma heç vaxt arzulanan nəticəni verməyəcək. Təcavüzkarın məmnun edilməsi onu yalnız daha da həvəsləndirir. Misal olaraq, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalının möhkəmləndirilməsi məqsədilə beynəlxalq humanitar və insan hüquqlarının açıq şəkildə pozulması ilə zəbt edilmiş ərazilərdə qanunsuz məskunlaşmanın aparılması, infrastrukturun dəyişdirilməsi, qeyri-qanuni olaraq mülkiyyətin, təbii resursların və digər sərvətlərin istismarı və ticarəti qeyd edilməlidir. Bu kontekstdə, bu təşkilatın siyasi nizamlanma vasitələrinin işlək saxlanılmasına xidmət edən prinsip və dəyərlərinin müdafiəsi istiqamətində iştirakçı dövlətlərin prinsipial mövqe nümayiş etdirməsi çox vacibdir.
İşğal edilmiş Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin qanunsuz mövcudluğu istənilən vaxta gərginliyin artması ilə gözlənilməz fəsadlar doğuracaq və qeyri-sabitlik yaradacaq amildir. Bununla da münaqişənin nizamlanması BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrində də tələb olunduğu və ATƏT-in Minsk qrupunun həmsədrlərinin mandatında da əks olunduğu kimi, Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan torpaqlarından tamamilə, dərhal və qeyd-şərtsiz çıxarılması ilə başlanmalıdır.
Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə son qoyması və Ermənistan qoşunlarının zəbt edilmiş ərazilərimizdən çıxarılması, həmçinin mühüm etimadyaradıcı tədbir olacaq və sülh prosesinin dinamikasını tamamilə dəyişərək Cənubi Qafqaz regionunun hərtərəfli və davamlı inkişafı üçün geniş imkanlar aça bilər. Bu, həmçinin zorla öz evlərindən didərgin salınmış əhalinin təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıtmasına, münasibətlərin normallaşmasına, regionda kommunikasiyanın bərpasına, eyni zamanda, Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionunun azərbaycanlı və erməni icmasına Azərbaycan daxilində birgə gələcək perspektivlərinin müzakirəsi məqsədilə real, obyektiv şəraitin yaradılmasına yol açacaq. Bu baxımdan, Rusiyanın xarici işlər naziri Sergey Lavrov tərəfindən irəli sürülmüş, Minsk qrupunun digər həmsədrləri tərəfindən dəstəklənmiş ideyalar sülh danışıqlarında irəliləyişə nail olunması istiqamətində çox yaxşı təkan ola bilər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Elmar_Memmedyarov_ATAT_in_mufessel_tehlukesizlik_konsepsiyasinin_uch_olchusunun_daxili_tarazligi_pozulub-908001

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR