Dərnəgül bazarı çökür - FOTO

Dərnəgül bazarı çökür - FOTO
18:57 3 Dekabr 2015
62 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda iqtisadiyyatın bir çox sahələrində yaşanan iqtisadi böhran tikinti sektorunda da durğunluq yaradıb. Paytaxtda gedən iri tikinti layihələri ilə yanaşı, fərdi tikililər də dayandırılıb. Belə demək mümkünsə, nə dövlətin, nə də vətəndaşın tikintiyə ayıracaq pulu qalmayıb.

Bu vəziyyət də özünü, ilk növbədə, tikinti materialları bazarında göstərir. Əgər manatın devalvasiyasından sonra tikinti bazarında qiymətlərin artması səbəbindən durğunluq yaranmışdısa, indi bunun səbəbi insanların iqtisadi durumunun zəifləməsidir.

Məlum olduğu kimi, devalvasiyadan sonra tikinti materiallarının qiymətində bahalaşma qaçılmaz oldu. Əksər materialların qiyməti 30 faiz artdı. Hazırda isə alıcılıq olmadığından, bazarda tələb azaldığından tikinti materiallarının qiyməti sürətlə ucuzlaşır.

Milli.Az xəbər verir ki,  musavat.com-un əməkdaşı hazırda bazarda vəziyyətin necə olmasını, mövcud qiymətləri öyrənmək üçün paytaxt əhalisinin, o cümlədən iri şirkətlərin topdan alış-veriş etdiyi ticarət mərkəzi olan "Dərnəgül bazarı"na yollanıb. Kifayət qədər böyük bir sahəni əhatə edən bazarın tikinti materialları olan hissəsinə baş çəkib, satıcılarla həmsöhbət olub.

Bazarda durğunluq hiss olunurdu. Alıcıların hər zaman çoxluq təşkil etdiyi bazarda indi çarəsiz satıcılardan başqa kimsə gözə dəymir. Boş yük maşınları, müştəri gözləyən taksilərin çoxluğu alıcılığın zəif olmasından xəbər verirdi.

Tikinti materiallarının qiymətinə gəlincə, ən çox sement, daş və kirəmitlərin qiymətində ucuzlaşma var. Belə ki, 5 manata satılan "Mətanət A" sementləri indi 4 manat 60 qəpiyə, bir daşın qiyməti isə 40 qəpikdən 30-32 qəpiyə təklif olunur. Digər tikinti materiallarında isə cüzi qiymət azalması müşahidə olunur.

Bazarda işləyən, alıcıların aldığı materialların maşınlara yüklənməsi ilə məşğul olan fəhlələr isə bekarçılıqdan bir yerə toplaşıb dərdləşirdirlər. Satıcılar bizimlə söhbətində bildirdi ki, son 2-3 ayda bazarda alıcılıq sıfıra bərabərdir: "Tikinti materiallarının satışı dayanıb. Alıcılıq aşağı səviyyədədir. Son aylar bu sahədə durğunluq yaranıb. Səbəbi isə iri tikinti şirkələrinin işlərini dayadırmasıdır. Pərakəndə alıcıdan çox topdansatışlar olurdu. Bu satışlar da həmin şirkətlərin hesabına həyata keçirdi. İndi isə gördüyünüz kimi bazarda seyrəklikdir. Gün ərzində 3-5 alıcı olur, onlar isə xırda materiallar alırlar".

Sahibkarlar onu da dedilər ki, bu cür durğunluq "Dərnəgül bazarı"nı çökdürə bilər: "Dolların bahalaşmasından sonra bazarda vəziyyət daha da acınacaqlı duruma düşdü. Tikinti materiallarının satışı ilə məşğul olan bir çox obyektlər bağlandı. Son 1-2 aydır ki, bazarda adam tapmaq olmur. Bu günlərdə daha bir neçə obyekt də bağlandı. İcarə haqqını verə bilmədilər. İcarə haqlarında güzəştlər olsa belə, alver olmadığı üçün hər ay büdcəmizdən yeməklə müflisləşirik. Ziyanın yarısından qayıtmaq da xeyrdir. Məcburuq obyektimizi bağlayaq".

Taksi xidməti və yükdaşımada çalışan sürücülər isə bazardakı sönüklüyün onların da qazanına təsir etdiyini dedilər: "İllərdir ki, bazarda işləyirik. Dolanışığımız "Dərnəgül bazarı"nda yük daşımaqla çıxır. Bu bazarın hesabına ayaqda qalırdıq. Lakin bu ildən bazarda ruzi-bərəkət qalmayıb. 1 aydır ki, iş yoxdur. Son günlər obyektlər bağlanır. Bundan əlavə bazarda alıcı da gözə dəymir. Bizim də işimiz alıcıdan asılıdır. Gündə 3-5 manata işləyirik. Taksi çox, iş yox..."

Bazardakı durğunluq fəhlə sinfini də işsiz qoyub. Alıcılığın olmaması müxtəlif sahələrdə günəmuzd işləyən fəhlələri qazancsız qoyub. Gündəlik 10-15 manata işləyən fəhlələr günorta saatlarına kimi 1 manat belə, qazana bilmədiklərini dedilər: "Səhər saatlarından bazardayıq. Bir nəfər belə, 1 metr taxta almayıb. Pərakəndə alarkən alıcının bizə ehtiyacı olmur. Bizim qazancımız yalnız topdan taxta satışı zamanı yaxşı olur. Taxtanın hər kubmetrinə görə pul alırıq".

Fəhlələr iş olmadığı halda bazarda metal yığmaqla gündəlik çörəkpullarını çıxardıqlarını deyirlər: "Uzun fasilələr də bazarın ərazisində dəmir, aliminum və başqa metal əşyalar toplayaraq satırıq. Kiloqramını 8-10 qəpikdən satıb cibxərcliyi edirik. Bazarın içində dəmir vaqonda qalırıq. Qazancımız az olduğu üçün normal kirayə mənzildə yaşaya bilmirik".

Bazardakı durğunluq təkcə satıcı, fəhlə və yük maşınlarının sürücülərini deyil, eyni zamanda yeməkxana işçilərinin də cibini boş qoyub. Mövcud durum bazarda xidmət göstərən yeməkxanaları da boş qoyub.

Bazar işçilərinə yemək daşıyan Xatın adlı aşpaz müştərilərin azaldığını dedi: "Yeməklər 2-3 manat arasındadır. Günorta saatları olmasına baxmayaraq yeməklər əlimdə qalıb. "Padnos" əlimdə bazarı gəzirəm, kimisi "siftə eləməmişəm" deyir, kimisi isə nisyə yemək istəyir. Bir sözlə bazarda alverin olmaması bizim də vəziyyətimizi çətinləşdirir".

Milli.Az










Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/387380.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR