Azərbaycan Avropaya qayıdır

Azərbaycan Avropaya qayıdır
19:21 3 Dekabr 2015
31 Digər
Ölkə mətbuatı
A- A+

"Azәrbaycan әmәkdaşlıqla bağlı Avropa İttifaqına (Aİ) yeni saziş layihәsi tәqdim edib. Saziş Aİ ilә Azәrbaycan arasında strateji әmәkdaşlığın qurulmasını nəzərdə tutur".

ANS PRESS-in məlumatına görə, bunu Azərbaycan xarici işlәr nazirinin müavini Mahmud Mәmmәdquliyev deyib. Onun sözlərinə görə, Azərbaycanla Avropa arasında soyuqluğun әsas sәbәbi Avropanın indiyәdək Dağlıq Qarabağ münaqişәsindә lazım olan mövqeni göstərməməsidir.

"Moldova, Gürcüstan, Ukrayna mәsәlәsindә hәm әrazi bütövlüyünü dәstәklәyir, hәm dә mәsәlәnin necә hәll olunmalı olduğunu deyirlәr. Azәrbaycana gәldikdә isә bildirirlәr ki, Minsk Qrupu var və onlar nә qәrara gәlsәlәr, biz dәstәyimizi bildirәcәyik", - deyən Mahmud Məmmədquliyev Avropanın öz mövqeyinin olmasının vacibliyini də vurğulayıb.

Bununla belə o bildirib ki, Avropa iqtisadi cәhәtdәn çox vacibdir, texnologiya, yaxşı idarәçilik oradadır.



Siyasi şərhçi Tofiq Abbasov da ANS PRESS-ə açıqlamasında bildirib ki, bu gün Qərblə əməkdaşlıq çox cazibəli, əlverişlidir. "Qərb bizim üçün aktual olaraq qalır. Azərbaycan Qərbin bir çox standartlarını götürüb və götürür də. Eyni zamanda bizim enerji-kommunikasiya xətlərimiz qərbə doğru yönəlib. Azərbaycanın enerji daşıyıcıları ilə bu qitənin enerji təhlükəsizliyi təmin edilir. Bunları yarımçıq qoymaq olmaz", - deyə o bildirib.

Tofiq Abbasov həmçinin qeyd edib ki, digər qütblər də var ki, Azərbaycan onlarla da əlaqələrini qırmamalıdır. "Azərbaycanın xarici ölkələrə münasibətlərində şaxələndirilmiş siyasət aparması məhz belə məqamlarda ölkənin mümkün qədər çox maraqlarını təmin etməyə imkan verir", - deyən siyasi şərhçi qeyd edib ki, Avropa standartları yüksək, ümidverici standartlardır və onlara tələbat var.


Tofiq Abbasov - siyasi şərhçi


Bununla belə, Azərbaycanın sırf qərbyönlü siyasət aparması da mümkün deyil. Çünki ölkə 70 ildən çox Sovet imperiyasının tərkibində olub, keçmiş sovet ölkələri ilə əlaqələr qurub və indi də var. Həmin ölkələrdə bir sıra bənzər proseslər gedir ki, həmin məsələlərin həllində postsovet ölkələri ilə əməkdaşlığın faydası böyükdür.

Ümumiyyətlə, hər bir ölkənin xarici siyasətində bir istiqamətə üstünlük verməsi hər zaman ölkə üçün çətinliklər yaradıb. Məsələn, Avropa Birliyinə yeni daxil olmuş ölkələr, Rumıniya, Bolqarıstan, Polşa, o cümlədən Baltikyanı ölkələr Qərblə münasibətləri qurarkən bir sıra problemlər yaşayıblar.

Həmin ölkələrin bütün istehsalat prosesi bir gündə dayandırılıb. Çünki o məhsullara Avropada heç bir tələbat yoxdur. Əvəzində Avropa onlara modernizasiya planı təklif edib.

Amma nəzərə alınmalıdır ki, modernizasiya planının reallaşadırılması bir günlük iş deyil. Bu zaman həmin sahələrdə çalışan insanları da nəzərə almaq lazımdır. Çünki belə olan halda həmin sahələrdə fəaliyyət göstərə bilən insanlar öz məşğuliyyətlərini, qazanclarını itirirlər. Bu isə işsizlik problemi yaradır, insanların həyat səviyyəsini aşağı salır, eyni zamanda yeni açılan sahələrdə mütəxəssislər çatışmır. Nəticədə, həmin ölkələr öz kənd təsərrüfatı məhsullarını Şərqə - Rusiya və bir sıra digər ölkələrə yönəldirlər.

Bir sözlə, Azərbaycan təkcə Qərb, yaxud da təkcə Rusiya ilə deyil, hər iki qütblə mehriban münasibətləri qorumalı, əməkdaşlığı genişləndirməlidir.

Lakin son zamanlar baş verənləri, Rusiya-Qərb, Rusiya-Türkiyə münasibətlərini, eyni zamanda Azərbaycanın Rusiya və Türkiyə ilə münasibətlərini nəzərə aldıqda bunun o qədər də asan olmadığı aydındır.

Bununla belə, Azərbaycan şaxələndirilmiş xarici siyasət yürütməklə həm öz mövqeyini, siyasi maraqlarını müdafiə etməli, eyni zamanda ölkənin iqtisadi inkişafına, xalqın rifahının yüksəlməsinə nail olmalı, həmçinin hər iki qütbdə Azərbaycanda siyasi-iqtisadi sabitliyin qorunmasına maraq yaratmalıdır.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366344

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR