Küveyt Bakı Ali Neft Məktəbinin modelindən istifadə etmək istəyir

Küveyt Bakı Ali Neft Məktəbinin modelindən istifadə etmək istəyir
19:27 3 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 3 dekabr. REPORT.AZ/ Bu gün SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov Küveytin “AFNAN İnternational Holding Co”nun sədri Mübarək əl-Casimi qəbul edib. Bu barədə "Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir. 
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının rəhbərliyi altında uğurla davam etdirilən enerji strategiyasının qazandığı uğurlardan danışan X.Məmmədov SOCAR-ın fəaliyyəti, həyata keçirdiyi qlobal və regional əhəmiyyətli layihələr haqqında ətraflı məlumat verib. 
Qəbul üçün təşəkkürünü bildirən “AFNAN İnternational” holdinqinin sədri Mübarək əl-Casim Bakıya səfərinin məqsədindən danışarkən bildirib ki, Küveytdə neft-qaz sənayesi üzrə ixtisaslı yerli kadrların çatışmadığı nəzərə alınaraq, Böyük Britaniyanın “Herriot Watt” Universiteti ilə birlikdə bu sahədə ixtisaslaşan ali məktəbin yaradılmasına qərar verilib. “Herriot Watt” Universitetinin rəhbərliyi Bakı Ali Neft Məktəbinin bu sahədə nümunəvi fəaliyyətini qeyd edərək Küveytdə yaradılacaq universitet üçün BANM modelinin öyrənilməsini məsləhət görüb. Bakıya səfəri müddətində Bakı Ali Neft Məktəbi ilə ətraflı tanış olduğunu söyləyən qonaq apardığı müzakirə və fikir mübadilələrinin gələcək fəaliyyətlərində onlara fayda verəcəyinə əminliyini ifadə edib. 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə Bakı Ali Neft Məktəbinin 4 ildir ki, SOCAR-ın tərkibində fəaliyyət göstərdiyini söyləyən Xalik Məmmədov bu ali təhsil ocağının yaranma zərurətindən və əldə etdiyi uğurlardan söz açıb, BANM-in “Herriot Watt” universitetlər sistemi şəbəkəsində özünə yüksək mövqe qazandığını söyləyib. O, Məktəbin professor-müəllim heyəti tərəfindən yeni tipli və yüksək keyfiyyətli tədris proqramları və dərsliklər yaradıldığını vurğulayaraq, əmin olduğunu bildirib ki, nəzəriyyə ilə təcrübənin vəhdətinə əsaslanan spesifik tədris üslubuna malik bir ali təhsil ocağı olaraq BANM modelindən Küveytdə yaradılacaq neft təmayüllü ali məktəbin təşkili və fəaliyyətində istifadə edilməsi səmərəli nəticələr verəcək. Bakı Ali Neft Məktəbinin üstün cəhətləri üzərində dayanan əl-Casim məktəbin rəhbərliyinin və professor-müəllim kollektivinin yüksək peşəkarlığını qeyd edib, Azərbaycandan fərqli olaraq Küveytdə yerli ingilisdilli müəllimlərin az olduğunu diqqətə çatdırıb, BANM-in təcrübəsinin optimal örnək kimi istifadə ediləcəyini söyləyib və bu sahədə SOCAR-ın dəstəyinə ümid bəslədiklərini vurğulayıb.
Xalik Məmmədov SOCAR-ın və onun tərkibində fəaliyyət göstərən BANM-in qarşılıqlı əməkdaşlığa hazır olduğunu qeyd edib, belə bir ali məktəbin yaradılması işində Küveyt nümayəndəsinə uğurlar arzulayıb.


Xəbərin orijinal ünvanı: http://report.az/energetika/kuveyt-baki-ali-neft-mektebinin-modeli

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR