Nardaranda polislər üçün çadırlar qurulur - FOTO

Nardaranda polislər üçün çadırlar qurulur - FOTO
19:32 3 Dekabr 2015
174 Digər
Ölkə mətbuatı
A- A+

Əvvəlki günlərdə olduğu kimi Nardaranda gecə və gündüz əməliyyatlar davam edir. Kənddəki postların sayı artırılıb. Demək olar ki, hər küçənin girişində polis postu var.

Milli.Az xəbər verir ki, bu fikirləri anspress-ə Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov deyib. Onun sözlərinə görə, qurulan postlarda vətəndaşların sənədləri yoxlanılır və giriş-çıxış üçün icazə verilir:

N.Kərimov deyir ki, hazırda kənddə yoxlamalar davam edir. Saxlanılan şəxslərin də çoxu dindirildikdən sonra buraxılır.

Bundan başqa, kəndə polislərin dincəlməsi üçün çadırlar da gətirilib:

"Yəqin ki, polis əməkdaşları Nardaranda çox qalacaq. Onların burda olmasının bizim üçün heç bir problemi yoxdur".

Kəndin girişində hərəkəti məhdudlaşdıran beton plitələr qoyulub. Buna səbəb isə yoxlamanı daha asan həyata keçirməkdir.

Natiq Kərimov kənddə silah-sursat aşkarlanmasına da münasibət bildirib:

"Kənddən silah-sursat nə qədər tez çıxsa, bir o qədər yaxşıdır. Daxili işlər nazirinin müavini Vilayət Eyvazov da kənddə olarkən bildirdi ki, kimdə silah varsa, bir qırağa atsın və polisə məlumat versin. Hüquq-mühafizə orqanı əməkdaşları bütün silah-sursatı aşkar etməmiş kənddən getməyəcək. Mən özüm də kənd sakinlərinə tapşırmışam ki, kimdə silah-sursat varsa, müvafiq şəxslərə məlumat versin".

Kəndin isə hazırda ən böyük problemi elektrik enerjisi ilə bağlıdır. Belə ki, 26 noyabrdakı əməliyyatdan sonra kəsilən elektrik enerjisi bərpa olunmayıb. Bu problem sakinləri çox narahat edir:

"Əgər enerji verilsə, sakinlər də öz evlərinə yığışar. Ancaq bu problem hələ də həll edilməyib. Ailələr odun sobasından istifadə edir və bütün ailə qızınmaq üçün bir sobanın ətrafına cəmlənir".

Elektrik enerjisinin verilib-verilməyəcəyi ilə bağlı suala "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin cavabı çox qısa olub:

"Onlar elektrik enerjisinə görə yaranan borclarını verdilər?"

Qurum rəsmisi başqa açıqlama verməkdən imtina edib.

Xatırladaq ki, Nardaranda keçirilən xüsusi əməliyyat Azərbaycan Respublikası Prezidentinin nəzarətindədir və onun gedişi mütəmadi məruzə olunur.

Milli.Az





Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/387385.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR