Multikulturalizm Mərkəzi İsveçrənin Frayburq Universitetində monitorinq keçirib

21:08 3 Dekabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 3 dekabr, AZƏRTAC
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin xarici və yerli universitetlərdə Azərbaycan multikulturalizmi fənninin tədrisi layihəsi çərçivəsində 11 xarici və 19 yerli universitetdə bu fənn tədris edilir.
Azərbaycan multikulturalizmi fənninin universitetlərdə aktuallığının və onun uğurlu layihə kimi davamlılığının təmin edilməsi və fənni tədris edən müəllimlərin fərdi öhdəliklərinin yoxlanılması məqsədilə hər semestrin sonunda Mərkəzin müəyyən etdiyi şəxslər tərəfindən monitorinqlər aparılır.
Fənnin xarici ölkələrdə növbəti monitorinqi İsveçrənin Frayburq Universitetində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru, professor Azad Məmmədov aparıb.
Monitorinq zamanı Azad Məmmədov Frayburq Universitetinin 20 tələbəsinə “Azərbaycanda linqvistik rəngarənglik Azərbaycan multikulturalizminin komponenti kimi” mövzusunda mühazirə oxuyub.
Mühazirə zamanı Azərbaycan çoxdilliliyinin tarixi, siyasi aspektləri, fərdi və cəmiyyətdəki çoxdilliliyin ölkəmizdəki multikultural və tolerantlıq şəraitinə təsiri haqqında söhbət açılıb.
Mühazirənin ikinci hissəsi interaktiv diskussiya şəklində keçib, tələbələrin sualları cavablandırılıb. Etnik qrupların dillərinin işlənilməsi və dillərinin inkişafı kimi məsələlər işıqlandırılıb. Tədris materialı kimi bir neçə mənbədən, o cümlədən hələ 2009-cu ildə nəşr olunan “Dinin sosiologiyası” beynəlxalq jurnalının Azərbaycandakı din situasiyasına həsr olunmuş xüsusi nömrəsi təqdim edilib.
İcraçı direktor tələbələrin açıq şəkildə fənnə və ölkəmizə böyük marağı olduğunu bildirib və onların Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkil etdiyi yay və qış məktəblərində iştirak etmək arzuları olduğunu qeyd edib.
Sonra Azad Məmmədov Frayburq Universitetinin professoru Ansqar Qodike ilə görüşüb.
Ansqar Qodike bu fənnin təkcə Frayburq deyil, digər universitet tələbələri tərəfindən də seçilib böyük maraqla dinlənildiyini vurğulayıb. Görüşdə Azərbaycan multikulturalizmi fənninin tədrisinin perspektivləri haqqında fikir mübadiləsi aparılıb.
Azərbaycan multikulturalizmi fənni İsveçrənin Frayburq Universitetində 20 tələbəyə bu ilin payız semestrindən başlayaraq Kamal Qasımov tərəfindən tədris edilir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Multikulturalizm_Merkezi_Isvechrenin_Frayburq_Universitetinde_monitorinq_kechirib-908080

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR