Azərbaycan-Fransa əlaqələri müzakirə edilib

21:23 3 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 3 dekabr, AZƏRTAC
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov dekabrın 3-də Belqradda Fransanın Avropa məsələləri üzrə dövlət naziri Harlem Desir ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Azərbaycan və Fransa arasında ikitərəfli siyasi, iqtisadi və mədəni əlaqələrin davamlı şəkildə inkişafından məmnunluq ifadə olunub.
Nazir E.Məmmədyarov ölkələrimiz arasında əməkdaşlığın inkişafında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xüsusi rolunu diqqətə çatdırıb.
Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinə dair fikir mübadiləsi aparılıb.
Harlem Desir Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğunu qeyd edərək ölkəsinin bu xüsusda səylərini davam etdirəcəyini bildirib.
Elmar Məmmədyarov Azərbaycanın Fransanın münaqişənin həlli istiqamətində səylərini alqışladığını qeyd edib. O, Fransa Prezidenti Fransua Ollandın təşəbbüsü ilə 2014-cü ilin noyabrında ATƏT-in Minsk qrupunun digər həmsədr dövlətlərinin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin Parisdə keçirilmiş görüşünü xatırladıb.
Nazir Paris görüşündə müzakirə olunan məsələlərin, xüsusilə Hərtərəfli Sülh Sazişinin hazırlanması istiqamətində konstruktiv addımlar atmaq əvəzinə Ermənistanın təxribatçı məqsədlərlə görüşdən dərhal sonra Azərbaycanın işğal olunmuş ərazilərində genişmiqyaslı hərbi təlim keçirdiyini və məlum helikopter insidentinin baş verməsinə rəvac verdiyini vurğulayıb. O, həmçinin prezidentlərin Paris görüşündə Beynəlxalq Qızıl Xaç Komitəsinin xətti ilə itkin düşmüş şəxslər haqqında məlumat mübadiləsi və DNT bazasının yaradılmasına dair razılığın əldə olunmasına diqqəti çəkərək, Ermənistanın təcavüzü nəticəsində 4000-dən artıq azərbaycanlının hələ də itkin düşmüş şəxs statusunda olduğunu vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Fransa_elaqeleri_muzakire_edilib-908088

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR