Ruslan Abışov: "Bunun öhdəsindən gəldik"

Azərbaycan kubokunun 1/8 final mərhələsində “Mil-Muğan”la qarşılaşan “Qəbələ” I divizion təmsilçisini 7:0 hesabı ilə məğlub edib.

“Qırmızı-qaralar”ın qollarından birinə müdafiəçi Ruslan Abışov imza atıb. O, matç haqda fikirlərini gabalafc.az saytına açıqlayıb:

“Düzdür, rəqib o qədər də güclü deyildi. Amma əsas qələbə idi ki, buna da nail olduq. Mərhələ keçmək vəzifəsinin öhdəsindən çətinlik çəkmədən gəldik. İndi isə Premyer Liqanın “Xəzər Lənkəran”la qarşılaşmasına hazırlaşacağıq. Son oyunlarda qalib gələ bilmədiyinizi nəzərə alsaq, bu qələbə çox yaxşı oldu. Bunun davamını gətirməliyik. Adi qol epizodu idi və bu imkandan yararlanıb, rəqib qapısına yol tapdım. Ötən turun “Rəvan”la matçında da qol vurmağa çox yaxın idim. Həmin vaxt qol vura bilməmişdim. Bu dəfə isə fərqləndim”. 

Matçın 28-ci dəqiqəsində əvəzlənən Abışov belə tez dəyişikliyin səbəbini də izah edib: “Ayağımda köhnə zədə səbəbindən ağrılar hiss etdim. Bu üzdən əvəzlənməyimi istədim. Bu ciddi problem deyil. Hər şey qaydasındadır. Növbəti turun hazırlıqlarında iştirak edəcəm”. 

Topaz Premyer Liqasının XV turunda “Xəzər Lənkəran”la qarşılaşacaq "Qəbələ"nin təcrübəli üzvü səfər matçında da 3 xal üçün mübarizə aparacaqlarını bildirib: “Bu matçda da qalib gəlməliyik. Çətin oyun olacağını bilirik. Bizi Lənkəranda çətin səfər gözləyir. Lakin iddialıyıq və qalib gəlməyə çalışacağıq. Matça yaxşı hazır olmalıyıq. Ancaq qələbə üçün mübarizə aparacağıq”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR