Milli Qəhrəman Rasim İbrahimovun “Adadan başlayan yol”u

Milli Qəhrəman Rasim İbrahimovun “Adadan başlayan yol”u
12:48 4 Dekabr 2015
39 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 4 dekabr, AZƏRTAC
Bakı Şəhər İcra Hakimiyyətinin Kino Xidməti İdarəsinin Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə lentə alınan “Vətənpərvərlik kinosu günləri” sənədli filmlər həftəsi davam edir.
Kino Xidməti İdarəsindən AZƏRTAC-a bildirilib ki, həftə çərçivəsində dekabrın 7-də Silahlı Qüvvələrin Təlim və Tədris mərkəzində rejissor Yalçın Verdiyevin çəkdiyi Milli Qəhrəman Rasim İbrahimova həsr olunan “Adadan başlayan yol” adlı sənədli filmin təqdimatı keçiriləcək.
Qeyd edək ki, Rasim İbrahimov C.Naxçıvanski adına hərbi məktəbi bitirib. Almaniyada hərbi xidmət keçdikdən sonra, vətənə dönən Rasim Füzuli rayonunun cəsur oğulları ilə birlikdə könüllü özünümüdafiə taboru yaradıb və rayonun sərhədlərini mərdliklə qoruyub. 1992-ci il iyunun 28-də Tuğ kəndi uğrunda gedən döyüşlərdə onlarla erməni quldurunu məhv edən döyüşçülərimiz mühasirəyə düşürlər. Cəsur komandir R.İbrahimov döyüşçü  dostlarını mühasirədən xilas etsə də özü düşmən mühasirəsinə düşür. Ermənilərə təslim olmayan R.İbrahimov “Azərbaycan zabiti heç vaxt düşmənə təslim olmayacaq!”,- deyərək özünü qumbara ilə partladır. Ölümündən sonra o, “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülür.
Tədbirin keçirilməsində məqsəd, torpaqlarımızın bütövlüyü və azadlığı uğrunda şəhid olmuş qəhrəman Azərbaycan övladlarının xalqımıza daha da yaxından tanıdılması, gənclərdə vətənpərvərlik hisslərinin gücləndirilməsidir. 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Milli_Qehreman_Rasim_Ibrahimovun_Adadan_baslayan_yolu-908186

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR