Gənc Tamaşaçılar Teatrının səhnəsində “Dovşanın ad günü”

Gənc Tamaşaçılar Teatrının səhnəsində “Dovşanın ad günü”
13:23 4 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 4 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın məşqlərinə başlanılıb.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, uzun illər teatrın cari repertuarındakı ən maraqlı tamaşalardan olan “Dovşanın ad günü” tamaşası yenidən repertuara daxil ediləcək. Yazıçı-dramaturq Xanımana Əlibəylinin eyniadlı əsəri əsasında hazırlanacaq tamaşanın quruluşçu rejissoru Xalq Artisti Ağaxan Salmanlı, quruluşçu rəssamı Elşən Sərxanoğlu, rəqslərin quruluşçusu Vüsal Mehrəliyev, aranjemançısı Vasif Hüseynlidir.
Tamaşada bəstəkar, Xalq Artisti Şəfiqə Axundovanın musiqilərindən istifadə olunacaq. Səhnə əsərində əsas rolları aktyorlar İradə Rəşidova, Roza İbadova, Sevinc Mehrəliyeva, Zümrüd Quliyeva, Ceyhun Məmmədov və başqaları ifa edəcəklər. Sənət ocağı Tülkü ilə Canavarın Dovşanı yemək üçün qurduqları hiylədən bəhs edən tamaşanın nə ilə nəticələnəcəyini bilmək istəyən bütün azyaşlı teatrsevərləri tamaşaya baxmağa dəvət edir.
Qeyd edək ki, yazıçı Xanımana Əlibəylinin anadan olmasının 95 illiyi çərçivəsində səhnələşdirilən tamaşa 2016-cı ilin yanvar ayının sonlarında nümayiş olunacaq.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Genc_Tamasachilar_Teatrinin_sehnesinde_Dovsanin_ad_gunu-908211

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR