Qar Azərbaycanın qərbində fəsadlar törətdi

Qar Azərbaycanın qərbində fəsadlar törətdi
13:57 4 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+

Ötən gün axşam saatlarından başlayaq qərb bölgəsinin dağ rayonlarında qarlı-şaxtalı hava müşahidə olunur.

Kəpəz TV (Region TV) xəbər verir ki,  güclü qar səbəbi ilə yollarda avtomobillərin hərəkəti çətinləşib. Yol təsərrüfatı işçiləri gücləndirilmiş iş rejiminə keçiblər. 

Dağ rayonu olan Gədəbəyə ötən gün axşam saatlarından güclü qar yağmağa başlayıb. Rayon mərkəzində qarın qalınlığı 10-15, dağlıq yerlərdə isə 25-30 sm-ə çatır. Hava şəraiti ilə əlaqədar yollarda avtomobillərin hərəkətində müəyyən problemlər yaransa da, yol qəzası qeydə alınmayıb. 33 saylı Yol İstismar İdarəsinin əməkdaşları nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək üçün gücləndirilmiş iş rejiminə keçiblər. Hazırda yollara duz-qum qarışığı səpilir.  

Cəmil Mahmudov - sürücü: "Arxaya qayıtdıq ki, gedib qəza etməyək. Möhkəm qar yağıb. Getdikcə də çoxalır". 

Qarlı-şaxtalı hava Şəmkirin Çənlibel, Seyidlər və Qasımalılar kəndlərində də müşahidə olunur. Bu ərazilərdə qarın qalınlığı 10 sm-ə çatır. 32 saylı Yol İstimar İdarəsinin texnikası və canlı qüvvəsi yollara səfərbər edilib. Şəmkir-Gədəbəy yolunun Yasamal aşırımlarından keçən hissəsində isə bəzi sürücülər üçün maneələr qaçılmaz olub. 

Yasamal aşırımlarında müşahidə olunan qarlı-şaxtalı hava bəzi avtomobillərin yolda qalmasına səbəb olub. Baxmayaraq ki, yol təsərrüfatı işçiləri qabaqlayıcı tədbirlər həyata keçirirlər, amma nəqliyyat vasitələrinin hərəkətində məcburi məhdudiyyətlər də var. 

Avtomobillərini mövsümə uyğun hazırlamayan və məcburi olaraq aşırımlardan istifadə etməli olan sürücülər daha tez problemlə üzləşiblər. 

Nəsir Həsənov - sürücü: "Mənim 40 illik təcrübəm var, belə halla qarşılaşmamışdım. Yəni bu vaxtlar belə sərt soyuq olmurdu". 

Habil Hacıyev - sürücü: "Yolların açılmasını gözləyirik. Görək nə vaxt açılır". 

Qarlı- şaxtalı hava Daşkəsən və Göygöl rayonunun dağ kəndlərində də müşahidə olunub. Yolları qardan və buzdan təmizləmək üçün aidiyyəti strukturlar fasiləsiz olaraq qabaqlayıcı tədbirlər həyata keçirir. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/387599.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR