Neft bir qutu siqaretdən də ucuz ola bilər

Neft bir qutu siqaretdən də ucuz ola bilər
15:05 4 Dekabr 2015
49 Digər
Ölkə mətbuatı
A- A+

Neftin dünya bazarlarındakı qiyməti 30 dollaradək düşə bilər.

Milli.Az xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Natiq Cəfərli bu gün OPEK-in növbəti toplantısında neft bazarını istiqamətləndirəcək mümkün qərarları proqnozlaşdırarkən deyib.

Onun sözlərinə görə, hazırda Venesuela lobbiçilik edir ki, hasilat azaldılsın, qiymət heç olmasa 60-65 dollara qədər qalxsın. OPEK-də əsas söz sahibi isə Səudiyyə Ərəbistanıdır. Bu ölkənin gündəlik hasilatı 10 milyon bareldir.  OPEK ölkələri ümumilikdə gündə 31-32 milyon barel neft hasil edirlər, yəni tək Səudiyyə Ərəbistanı bu kvotanın 30%-nə sahibdir. Bu ölkənin indiki şəraitdə hasilatı azaltmağa qərar verməsi mümkün görünmür: "Əvvəla, OPEK-ə daxil olmayan ölkələr, o cümlədən Rusiya hasilatı azaltmır, əksinə artırır ki, qiymətin düşməsini hasilatın artması ilə az da olsa kompensasiya edə bilsin. Səudiyyənin də, Rusiyanın da əsas hədəf bazarları eynidir, yəni ərəblər hasilatı azaltsalar, onların çıxdığı bazarlara ruslar girəcəklər, bunun heç bir effekti olmayacaq.

İkincisi, Səudiyyənin ikinci böyük rəqibi İrandır. Sanksiyaların götürülməsindən sonra İran aqressiv şəkildə bazara daxil olmağa hazırlaşır. İranın da əsas hədəfi Avropa və Asiya bazarlarıdır ki, burada da rəqibi Səudiyyədir. Ərəblərin İrana qarşı aqressiv münasibətini, hətta qəbul etməməklərini, mane olmağa çalışmaqlarını nəzərə alsaq, Səudiyyə hasilatı azaltmaqla İrana daha çox yol aça biləcəyini düşünür, buna görə də azaltmaq istəmir. İran OPEK-dəki payından 2011-ci ildə məhrum edilib, indi öz kvota payını geri istəyir. Yəni təxminən, gündə 2 milyon barel".

Bundan əlavə, ekspert hesab edir ki, Səudiyyə Ərəbistanının digər rəqibi ABŞ-dır. Amerikada "slans nefti" inqilabı davam edir, hasilat son 10 ildə 3 dəfə artıb. Bu gün ABŞ gündəlik 9,3-9,5 milyon barellə dünyada neft hasilatına görə 3-cü yerdədir. "Slans neftinin" maya dəyəri bahadır.  Səudiyyə Ərəbistanı qiymətlərin düşməsindən istifadə edərək bazarda olan ABŞ şirkətlərini də vurmaq istəyirdi, amma alınmır: "Əvvəla, slans neftinin maya dəyəri sürətlə aşağı düşür. İkincisi, slans nefti quyularının qazılması və hasilatın başlanması cəmi 10-15 gün çəkir. Yəni, sabah qiymət yenidən 60 dollar olsa, ABŞ-da slans nefti quyularının sayı sürətlə artacaq, hasilat çoxalacaq, qiymət yenə aşağı düşəcək. Məhz buna görə Səudiyyə hasilatı azaltmaqla ABŞ şirkətlərinə yeni nəfəs verəcəyindən çəkinir".

İqtisadçının fikrincə, bu işin siyasi tərəfi də var: "Bu gün bölgədə Səudiyyənin əsas düşməni Rusiya və İrandır, hər yerdə ərəblərin qarşısına çıxırlar. Səudiyyə Ərəbistanı hasilatı azaltsa, qiymət qalxacaq, bundan da Rusiya və İran daha çox qazanacaqlar. Bu məsələni də nəzərə alsaq, Səudiyyə bu gün OPEK-də hasilatın azaldılmasına getməyəcək".

N.Cəfərlinin gözləntilərinə görə, OPEK hasilatı düşürməyəcək, amma yekun bəyanatda ölkələrə kvotalara ciddi nəzarət etmələri ilə bağlı kəskin tapşırıq olacaq: "Günü bu gün OPEK-ın rəsmi kvotası 30,5 milyon bareldir, amma gündəlik hasilatları 32 milyondan çoxdur, yəni kvotalara əməl olunmur. OPEK-in rəsmi bəyanatından sonra neft bazarı bir müddət tərəddüd keçirəcək, yuxarı-aşağı ciddi oynamalar olacaq. Amma kvotalar rəsmən azalmasa, bazar ertəsindən sonra qiymət düşməyə başlayacaq, bir neçə günə Brent markalı neft 40 dollardan da aşağı enəcək. Yox, əgər möcüzə olsa, kvotalar ciddi azaldılsa, o zaman neft 50 dollara qədər bahalaşacaq. Amma onu da nəzərə almaq lazımdır ki, dünyada gündəlik hasilat 90-93 milyon bareldir. Onun cəmi 32 milyon bareli OPEK-in payına düşür, yəni kartelə daxil olmayan ölkələr, o cümlədən Rusiya, ABŞ kimi neft ölkələri hasilatı azaltmağı düşünmürlər. Ona görə də gələcək illərdə neftin qiyməti ən yaxşı halda 55-65 dollara qədər qalxa bilər, amma bu artımdan öncə "dib" qiymətlər olacaq, biz hələ yaxın zamanda 30-larda dolaşan neft qiymətləri görəcəyik".

İlkin İzzət
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/387616.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR