​Fərid Mansurov: "Yalnız Stadnikə ümid bağlamaq olmaz"

​Fərid Mansurov: "Yalnız Stadnikə ümid bağlamaq olmaz"
15:12 4 Dekabr 2015
30 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 4 dekabr. REPORT.AZ/ "Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə Qızıl Qran Prinin final mərhələsinin səviyyəsi həm təşkilati, həm də rəqabət baxımından çox yüksək idi. Dünya çempionatında medal qazanmış idmançılar federasiya tərəfindən turnirə buraxılmadı. Bu da digər idmançılarımızı yoxlamaq üçün atılmış addım idi". Bunu "Report"a açıqlamasında Olimpiya və ikiqat dünya çempionu və Azərbaycan Güləş Federasiyasının gənclər üzrə vitse-prezidenti Fərid Mansurov deyib.
O, noyabrın sonlarında keçirilmiş nüfuzlu yarışda Azərbaycanın gənc idmançılarının da yarışdığını və milli komandada rəqabətin artdığını söyləyib. F.Mansurov qadın güləşçilərin uğursuz çıxışından danışıb: "Qadınların çıxışı o qədər də uğurlu alınmadı. Onları qınamaq olmaz, çünki idman elə bir şeydir ki, həmişə formada qalmaq olmur. Mariya Stadnik bu yarışda iştirak etmirdi. Lakin yalnız bu idmançılara ümid bağlamaq olmaz. Cəmi bir gümüş medal qazandıq. Mənə elə gəlir ki, məşqçilər bunun üzərində işləməli, səhvləri aradan qaldırmalıdırlar. Bir məsələ də var ki, qadın güləşi yunan-Roma və sərbəst güləşlə müqayisədə daha gec yaranıb. Artıq yerli idmançılar yetişir və özlərini göstərməyə başlayırlar".
Vitse-prezident milli komandanın "Qran-Pri"də çıxışını isə müsbət dəyərləndirib: "Ümumilikdə milli komanda yaxşı çıxış etdi. Burada dünya çempionatında ilk 5-liyə çıxan idmançılar yarışa bilərdi. Bu baxımdan, rəqabət güclü idi və komandamız da yaxşı çıxış etdi. Yunan-Roma güləşində Rövşən Bayramov və Rəsul Çunayev, sərbəst güləş növündə Xetaq Qazyumov da çıxış etmirdi. Bütün bunları nəzərə alsaq, komandann çıxışını müsbət qiymətləndirirəm".
Qeyd edək ki, Azərbaycanın sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandaları Qızıl Qran Prinin final mərhələsində ümumilikdə 5 qızıl, 8 gümüş və 8 bürünc medal qazanıblar. 

Xəbərin orijinal ünvanı: http://report.az/ferdi/ferid-mansurov-yalniz-ratkevic-ve-stadnike-umid-baglamaq-olmaz

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR