Naxçıvan Biznes Mərkəzində 900-dən çox müxtəlif yerli məhsullar nümayiş etdirilir

Naxçıvan Biznes Mərkəzində 900-dən çox müxtəlif yerli məhsullar nümayiş etdirilir
17:18 4 Dekabr 2015
31 Digər
Ölkə mətbuatı
A- A+


Naxçıvan, 4 dekabr, Rauf Əliyev, AZƏRTAC
Naxçıvan Biznes Mərkəzində muxtar respublikanın 100-dək istehsal və xidmət müəssisəsi tərəfindən istehsal olunan 900-dən çox müxtəlif yerli məhsullar nümayiş etdirilir.
AZƏRTAC xəbər verir ki, mərkəzdə kərpicdən mebel dəstinə, kiçik plastik hissələrdən dam örtüyünə, mineral sulardan ərzaq məhsullarına, Naxçıvan duzundan konservləşdirilmiş qovurmaya qədər bir çox çeşiddə yerli məhsullar sərgilənir.
Muxtar respublikanın iri özəl sektor təmsilçiləri olan Gəmiqaya Holdinq, Dizayn Holdinq, Araz Holdinq, Cahan Holdinq, Zümrüd Kiçik Müəssisəsi, “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyəti, Babək “Sirab” Açıq Səhmdar Cəmiyyəti ilə yanaşı, çox sayda digər orta və kiçik biznes qurumlarının məhsulları da burada öz yerini alıb.
Milli dəyərlərimizin mühüm nümunələri olan xalçaçılıq, dekorativ-tətbiqi sənət, dulusçuluq, rəssamlıq və ağac üzərində oyma işləri də burada sərgilənir. Mərkəzin nəzdində xalq yaradıcılığı emalatxanası və iki satış mağazası fəaliyyət göstərir. Qeyd edək ki, mərkəzdə ağac üzərində oyma sənəti, rəssamlıq üzrə sənətkarların fərdi sərgiləri də keçirilir.
Naxçıvan Biznes Mərkəzində hər il naxçıvanlı sahibkarların iştirakı ilə müxtəlif tədbirlər keçirilir. Bu il mərkəzdə keçirilmiş yaddaqalan tədbirlər kimi Türkiyə Respublikası Şərqi Anadolu İxracatçılar Birliyi nümayəndələrinin və İranın Araz Azad Ticarət və Sənaye Zonasının icraçı direktorunun naxçıvanlı iş adamları ilə keçirdiyi görüşləri göstərmək olar.
Ötən il də mərkəzin fəaliyyəti bu baxımdan çox əlamətdar olub. Yetmiş beş xarici şirkətin və 120-dən çox yerli sahibkarın iştirakı ilə Naxçıvan şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Biznes Forumu və Türkdilli Dövlətlərin Biznes Şurasının 3-cü toplantısı Naxçıvan Biznes Mərkəzində keçirilib və Mərkəz buraya gələn bütün ziyarətçilərdə böyük təəssürat yaradıb.
Blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasında həyata keçirilən möhtəşəm layihələrlə, onun zəhmətsevər insanlarının istehsal etdiyi məhsullarla, yaratdığı əl işləri, sənət əsərləri ilə tanış olmaq istəyənlər üçün Naxçıvan Biznes Mərkəzinin qapıları həmişə açıqdır.




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Naxchivan_Biznes_Merkezinde_900_den_chox_muxtelif_yerli_mehsullar_numayis_etdirilir-908338

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR