''Deyir ki, 10 ayını bizə ver, sosial yardım düzəldək" - FOTO

''Deyir ki, 10 ayını bizə ver, sosial yardım düzəldək" - FOTO
17:37 4 Dekabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+

Cəlilabad rayonu Alqasımlı kəndində köməksiz ailə yardım istəyir.

Milli.Az xəbər verir ki, kənd sakini Hidayət Ağayev criminal.az saytına müraciət edərək probleminin həll edilməsində köməklik edilməsini xahiş edir:

"Beş uşağım var, qış paltarı ala bilmədiyimə görə heç birisi məktəbə də getmirlər. Balaca bir komada yaşayıram, gəlin baxın, döşəməsi yoxdur, torpağın üstündə yatıram. Rütubətdə yatmaqdan ailəm də, özüm də xəstəlik tapmışıq. Sənədlərimi toplayıb Cəlilabad Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi idarəsinə vermişəm. Uzun müddətdir ki, sosial yardım almaq istəyirəm, amma Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Cəlilabad idarəsindən mənə deyirlər ki, 10 ayını bizə ver, sosial yardım düzəldək. Səbəb də budur ki, kreditim var. Krediti anamın dializ xəstəliyi olduğuna görə götürüb onu müalicə etdirmişəm. Başa düşmürəm, bu ölkədə sosial yardım krediti olana niyə verilməməlidir? Bu ölkədə ən acınacaqlı vəziyyətdə yaşayan elə krediti olanlardır. Mənim kimi acından ölən adamdan kredit bəhanəsilə 10 aylıq sosial yardımı rüşvət kimi istəmək hansı dinə-imana sığar? Xahiş edirəm hüquqi qiymət verin".

Şikayətçi yazır ki, eyni problemlə rastaşan tək özü deyil: "Tək mən deyiləm, rayonda mənim kimi onlarla kasıb tanıyıram ki, günlərlə ƏƏSMN-nin Cəlilabad şöbəsinin qabağında əsir-yesir olub, amma süründürməçilik və qanunsuz hallara görə ünvanlı sosial yardım ala bilmir. Yaxın qohumum Habil Qarabağ əlilidir, övladları və özü ağır xəstəlikdən əziyyət çəkir. İki aydır ki, o da mənimlə ƏƏSMN-in Cəlilabad binasına, demək olar, hər gün gedib-gəlir. Ondan da yardımın 6 ayını istəyirlər. Ona da deyirlər ki, kreditin var, krediti olanlar xüsusi qaydada 6 ayını verməlidirlər ki, sosial yardım ala bilsin. Azər Mirzəxanlı Cəlilabad ƏƏSMN-inə müdir təyin olunandan sosial yardımlar əhaliyə yalnız rüşvətlə verilir. Mirzəxanlının özü əvvəl bank işçisi olduğundan sosial yardm sistemindən başı çıxmır.

Azər Mirzəxanlının işlərini seyid Mirhəbibin oğlu Ziya aparır. Yenə də Fizuli Ələkbərovun vaxtında olduğu kimi Cəlilabadda kimə sosial yardımın verilib-verilməməsi işini seyidlər həll edir. Taleyimiz onlardan asılı qalıb. Rəhm etsələr, bizə sosial yardım düşəcək, rəhm etməsələr, seyid cənablarına 6 ay sosial yardımımızı peşkəş etməsək, bizə sosial yardım düşməyəcək. Rayonun sosial yardım işləri yenə də faktiki olaraq seyidlərin əlində cəmləşib. Cəlilabad ƏƏSMN rəhbərliyi və işçiləri dəllalarla seyid Mirhəbibin çayxanasında görüşüb işləri həll edirlər. Yardım işlərini bu idarənin boz kardinalı sayılan həmin Mirhəbibin oğlu Ziya həll edir.

Ziya ƏƏSMN Cəlilabad şöbəsində adi işçi olsa da, əslində, kimə hansı "şərtlərlə" yardım verilib-verilməməsini o həll edir. Rüşvət müqabilində yardım işlərinə razılıq verilir. Əsl imkansızlar qalır bir tərəfdə, kim 6 ayını, 8 ayını verməyə razı olur, onlara sosial yardım təyin olunur. Xahiş edirik ki, tədbir görün. Azər Mirzəxanlının maşınının şəklini də sizə göndərirəm ki, dərc edin qoy hamı görsün, kasıb-kusubun pullarını mənimsəməklə dəbdəbəli maşınlar sürür, əvəzində isə xalq əziyyət çəkir, bir tikə çörəyə möhtac vəziyyətdə yaşayır", - deyə Hidayət Ağayev qeyd edib.

ƏƏSMN-nin mətbuat xidmətinin rəhbəri Elman Babayev criminal.az-a açıqlamasında bildirdi ki, H.Ağayev dəfələrlə şikayət edib və nazirlik tərəfindən araşdırılıb cavab verilib. Nazirlik rəsmisinin sözlərinə görə, qanunvericiliyə əsasən, krediti olana ünvanlı sosial yardım verilmir: "Şikayətçilər ümumi sözlərdən istifadə edirlər. Kimə imtina verilir, deyir məndən pul istəyirlər. Qanunla krediti olana ünvanlı sosial yardım düşmür. Kimdən alıblar 6 ayın? Niyə yazmayıb?".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/387628.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR