Bakının nəqliyyat sistemində xaos - Külək və yağış hərəkəti "kor" etdi

Bakının nəqliyyat sistemində xaos - Külək və yağış hərəkəti "kor" etdi
18:27 4 Dekabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+

Dekabrın 3-də axşam və 4-də gecə saatlarında Bakıda güclü küləyin müşayiəti ilə yağan sulu qar paytaxtın nəqliyyat sisteminə ziyan vurub. Belə ki, havanın kəskin pisləşməsindən sonra şəhərdəki bir neçə işıqfor sıradan çıxıb. Xüsusən də paytaxtın mərkəzi yollarında işıqforların sıradan çıxması nəqliyyatın və piyadaların hərəkətində müəyyən problemlər yaradıb.

Problemlə bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı Milli.Az-a bildirib ki, dünən gecədən başlayan qasırğa səbəbi ilə paytaxtda 25-ə yaxın işıqfor xarab olub: "Yağmurlu və qasırğalı havada bəzi hallarda kabellərinə su keçdiyinə görə, bəzi yerlərdə isə elektrik enerjisinin verilişi kəsildiyi üçün işıqforlar işləməyib. Bildiyiniz kimi, işıqforların bir qismi NİİM-in, digər qismi isə DİN-nin nəzarətindədir. Hər iki qurumun əməkdaşları səhər saatlarından onların təmiri və iş fəaliyyətinin bərpa edilməsi istiqamətində tədbirlər görməyə başlayıblar. Artıq onların əksəriyyəti düzəlib. Böyük ehtimalla günün sonunda yaxın onların hamısı işləyəcək. Bunun üçün əlimizdən gələni edirik".

NİİM-in sözçüsü işıqforların işləməməsinin yollarda bəzi problemlərə səbəb olduğunu da gizlətməyib: "Bəzən sürücülər və piyadalar hətta işıqforlar işlədikdə belə gözləmə qaydasına əməl etmirlər, işıqforlar işləməyəndə isə, ümumiyyətlə, nə avtomobilləri, nə də piyadaları gözləmirlər. Bu baxımdan işıqforların işləməməsi nəqliyyatın hərəkətində müəyyən problemlərə və yollarda sıxlığa gətirib çıxarıb. Amma müşahidə kameralarından izlədiyimizə əsasən deyə bilərik ki, o qədər də ciddi problem yaşanmayıb. Eyni zamanda, işıqforların işləməməsi səbəbindən qəzaların baş verməsi də qeydə alınmayıb".

Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin "Siqnal" İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsindən Milli.Az-a bildiriblər ki, onların əməkdaşları gün ərzində ərazilərdə xarab olmuş işıqforların təmiri üçün tədbirlər görüblər. Günün sonuna kimi bütün xarab işıqforların əvvəlki normal iş rejimi təmin ediləcək.

İlkin İzzət
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/387665.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR