Hərbi ekspert: Erməni lobbisi ilə əməkdaşlıq edən təşkilatın Azərbaycana qərəzli münasibəti təəccüblü deyil

Hərbi ekspert: Erməni lobbisi ilə əməkdaşlıq edən təşkilatın Azərbaycana qərəzli münasibəti təəccüblü deyil
18:38 4 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 4 dekabr, AZƏRTAC
Beynəlxalq “Transparency International” təşkilatı tərəfindən şübhə doğuran mənbələrə əsaslanaraq hazırlanan məruzədə Azərbaycanın müdafiə sektorunun guya “ən yüksək riskli korrupsiya” ilə üzləşməsinə dair çıxarılan nəticənin heç bir əsası yoxdur. Bu məlumat adı çəkilən qurumun ölkəmizə qarşı qərəzli mövqedə olmasını açıq-aydın əks etdirir.
Bu fikri hərbi ekspert, keçmiş korpus komandiri, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov AZƏRTAC-ın sorğusuna cavab olaraq deyib.
Hərbi ekspert bildirib ki, erməni lobbisi ilə sıx əməkdaşlıq edən və müxtəlif erməni təşkilatlarının maliyyə dəstəyindən məmnuniyyətlə bəhrələnən bir qurumun Azərbaycan haqqında böhtan xarakterli sənəd yayması heç də təəccüblü deyil. Özü korrupsiyaya qurşanmış bir təşkilatın müxtəlif ölkələrdə korrupsiya risklərindən danışması onun və yaydığı sənədin şəffaf və ədalətli olmasını da sübhə altına alır.
Qeyd olunub ki, Azərbaycanda müdafiə sektorunda şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması istiqamətində “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” üzrə tədbirlər həyata keçirilir. İlk növbədə, hər iki planın Azərbaycan Respublikasının Silahlı Qüvvələrində icrasının təmin edilməsi barədə müdafiə naziri tərəfindən müvafiq əmr verilərək tədbirlər planları təsdiqlənib. Eyni zamanda, görülən işlər barədə Nazirlər Kabinetinə və Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasına illik hesabatlar təqdim edilir. Bundan əlavə, Müdafiə Nazirliyi öz fəaliyyəti haqqında xəbərləri mütəmadi olaraq nazirliyin rəsmi internet səhifəsinə yerləşdirməklə ictimaiyyəti ətraflı məlumatlandırır.
“Təəssüf doğuran odur ki, bəzi kütləvi informasiya vasitələri, başda “Azadlıq” qəzeti və saytı olmaqla, bu cür qərəzli məlumatları öz səhifələrində səxavətlə dərc edir, itkilərimizə sevinir, erməni saytlarının məlumatlarını tirajlayır. Reallığı, yəni əldə edilən uğurları isə görmür, ya da onlara sərf etmədiyi üçün görmək istəmirlər.
Xalqın gözü tərəzidir və son illər ictimai təşkilatlardan, vətəndaşlardan, əsgər valideynlərindən daxil olan minnətdarlıqla dolu on minlərlə yazılı müraciət Ali Baş Komandanın rəhbərliyi ilə aparılan uğurlu ordu quruculuğu prosesinin doğru yolla düz istiqamətdə getdiyinin, Azərbaycan Silahlı Qüvvələrinin qüdrətlənməsinə xidmət etdiyinin əyani sübutudur”, - deyə Y.Aydəmirov əlavə edib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Herbi_ekspert_Ermeni_lobbisi_ile_emekdasliq_eden_teskilatin_Azerbaycana_qerezli_munasibeti_teeccublu_deyil-908382

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR