Milli Məclisin nümayəndə heyəti TürkPA-nın 6-cı plenar iclasında iştirak edib

Milli Məclisin nümayəndə heyəti TürkPA-nın 6-cı plenar iclasında iştirak edib
19:38 4 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+


Astana, 4 dekabr, AZƏRTAC
Qazaxıstanın Astana şəhərində TürkPA-nın 6-cı plenar iclası keçirilib.
Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti iclasda iştirak edib.
Milli Məclisin sədri Oqtay Əsədov, Qazaxıstan Parlament Məclisinin və TürkPA-nın fəaliyyətdə olan sədri Həbibulla Jakupov, Qırğızıstan Joqorku Keneşinin sədri Asılbek Jeenbekov və Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman iclasda çıxış ediblər.
TürkPA-nın fəaliyyətinin diqqət mərkəzində olduğu iclasda parlament sədrləri Assambleyanın gələcək institusional inkişafı baxımından səmərəliliyinin artırılması məsələsinə dair fikir mübadiləsi aparıblar.
İclasda Milli Məclisin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov ətraf mühit və təbii ehtiyatlar komissiyasının hesabat məruzəsi ilə çıxış edib. Türkiyədə keçirilən prezident seçkilərinə dair hesabatı deputat Sədaqət Vəliyeva, Qazaxıstanda keçirilən növbədənkənar prezident seçkiləri ilə bağlı hesabatı Çingiz Qənizadə, Qırğızıstanda keçirilən parlament seçkiləri üzrə hesabatı Sevinc Hüseynova, Azərbaycanda keçirilən parlament seçkiləri ilə bağlı hesabatı isə Qazaxıstan parlamentinin üzvü Serikjan Kanayev təqdim ediblər.
TürkPA-nın sədri Qazaxıstan, Qırğızıstan, Azərbaycan və Türkiyənin aparıcı ali məktəbləri arasında əməkdaşlığı inkişaf etdirməyi, “EXPO-2017” sərgisi çərçivəsində “Türk mədəniyyəti” festivalını keçirməyi, ticari-iqtisadi sahədə əməkdaşlığın və prioritet istiqamətlərin möhkəmləndirilməsi üçün birgə investisiya fondunun yaradılmasını, Xəzərin tranzit potensialını artırmağı, yeni infrastruktur layihələri, logistika mərkəzlərini inkişaf etdirməyi təklif edib.
TÜRKSOY-un baş katibi Düsen Kaseinov plenar iclasda çıxış edərək gələn il türkdilli ölkələrdə Yusuf Balasaqunlunun 1000 illik yubileyinin qeyd olunacağını bildirib və türkdilli ölkələrin parlamentarilərinin qarşılıqlı münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edib.
Daha sonra plenar iclasda TürkPA Katibliyinin 2016-cı il üçün maliyyə büdcəsi və Astana bəyannaməsi qəbul edilib.
Bununla da TürkPA-nın 6-cı plenar iclası işini yekunlaşdırıb. Yeddinci plenar iclasın 2016-cı ildə Qırğızıstanda keçirilməsi qərara alınıb.
Səfər çərçivəsində Milli Məclisin sədri Oqtay Əsədovun Qırğızıstan Joqorku Keneşinin sədri Asılbek Jeenbekovla görüşü olub. Görüşdə ölkələrimiz arasında dostluq əlaqələrinin qədim tarixi köklərə malik olduğu qeyd edilib. Parlamentlərarası əlaqələrin bugünkü vəziyyəti və inkişaf perspektivləri, qanunvericilik sahəsində təcrübə və informasiya mübadiləsi, iqtisadi, ticarət, kənd təsərrüfatı, enerji, logistika və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Astana





Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Milli_Meclisin_numayende_heyeti_TurkPA_nin_6_ci_plenar_iclasinda_istirak_edib-908427

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR