Bakı, 4 dekabr, İbrahim Əsədov, AZƏRTAC
Dekabrın 4-də ali təhsil müəssisələrinin “SABAH” qruplarında təhsil alan tələbələrin ikinci forumu işə başlayıb.
Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən forumun əsas məqsədi “SABAH” qruplarında təhsil alan tələbələrlə birgə müzakirələrin aparılması, onların intellektual və yaradıcılıq potensialının inkişafına dəstək göstərilməsi, tələbələr arasında fəal dialoq mühitinin yaradılmasıdır.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi ilə başlanıb.
Forumda təhsil naziri Mikayıl Cabbarov qeyd edib ki, ölkəmizin regional və qlobal rəqabətdə üstünlük qazanması üçün ali təhsildə keyfiyyətin artırılması vacibdir. Dövlətimizin təhsilin inkişafına göstərdiyi xüsusi diqqət və qayğı bu sahədə islahatlar üçün mühüm zəmin yaradır.
Sonra “SABAH” qrupları ilə bağlı videosüjet nümayiş etdirilib.
Forum dekabrın 5-də işini davam etdirəcək.