Latviya səhiyyə sahəsində Azərbaycan ilə əməkdaşlığın inkişafına maraq göstərir

Latviya səhiyyə sahəsində Azərbaycan ilə əməkdaşlığın inkişafına maraq göstərir
20:48 4 Dekabr 2015
32 Digər
Ölkə mətbuatı
A- A+


Riqa, 4 dekabr, AZƏRTAC
Latiyanın “Spare” turizm agentliyi bu ölkənin aparıcı dövlət və özəl klinikaları ilə tibbi turizmin inkişafı haqqında müqavilə imzalayıb. Həmin müqavilə xarici ölkələrdən, o cümlədən Azərbaycandan pasiyent axınını təmin etmək məqsədi daşıyır. Bu barədə AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində “Spare” agentliyinin təsisçisi İvonna Kezbere məlumat verib. Müqavilə Latviya həkimlərinin hər il Azərbaycana səfər etməsini də nəzərdə tutur. Müqavilə çərçivəsində gələn ilin martında Bakıda Latviya həkimlərinin iştirakı ilə təqdimat keçiriləcək. Təqdimatda Latviyanın klinika və tibb mərkəzləri, ən müasir texnologiyalar və avadanlıq barədə ətraflı informasiya təqdim olunacaq.
İ.Kezbere bildirib ki, “Spare” şirkəti şəxsi müşayiətçinin xidmətlərini təklif edir, habelə illik viza ilə təmin edir. Artıq Bakıdan ilk potensial pasiyentimiz var. Ucuz qiymətlər, keyfiyyətli xidmət, müasir müalicə üsulları, ən müasir avadanlıq, kurortlar, istirahət ilə müalicəni uyğunlaşdırmaq imkanı tibbi məqsədlə Latviyanı seçməyin əsas üstünlükləridir.
İ.Kezbere qeyd edib ki, Latviyanın iqtisadiyyat naziri Dana Reizniece-Ozolanın başçılığı ilə bu yaxınlarda Bakıya səfər edən nümayəndə heyətinin tərkibində o da olub və turizm sahəsini təmsil edib. İ.Kezbere biznes-forumda Azərbaycan sahibkarlarına və turizm agentliklərinə turizmin daha bir sahəsini – Latviyanın tibbi turizmini təqdim edib. İ.Kezbere Latviyanın müasir klinikalarından danışaraq bildirib ki, bu klinikalarda ən müasir texnologiyalar tətbiq edilir, sonsuzluğun, venaların, onurğa və onkoloji xəstəliklərin maksimum səmərəli müalicəsi, gözün protezləşdirilməsi təklif olunur.
Latviyanın aparıcı özəl tibb klinikalarının alyansı olan “Baltic Care” Tibbi Turizm Mərkəzinin direktoru Ketiya Foqele bildirib ki, Latviya Avropa səviyyəli tibbi xidmətlə şöhrət qazanıb ki, bu da savadlı mütəxəssislər və ən müasir avadanlıq olmadan qeyri-mümkündür. Biz Azərbaycandan olan xəstələrə fərdi yanaşma təklif edirik. Baltik dənizi sahillərində yerləşən Latviya Avropanın ən “yaşıl” ölkələrindən biridir. Rusiyadan, Skandinaviya və Qərbi Avropa ölkələrindən minlərlə adam sağlamlıq durumunu yaxşılaşdırmaq və gözəlliyinin qayğısına qalmaq üçün hər il Latviyaya gəlir. Statistik göstəricilər gətirən K.Foqele deyib ki, təkcə 2014-cü ildə Latviyanın 13 klinikasında xarici ölkələrdən, o cümlədən Azərbaycandan təqribən 8 min xəstə müalicə olunub.
“Baltic Care” Mərkəzinin sentyabr ayında 21-ci Azərbaycan Beynəlxalq Səhiyyə Sərgisində iştirakından danışan Ketiya Foqele onların sərginin təşkilatçılıq səviyyəsinə mat qaldıqlarını bildirib. Heç şübhəsiz, bu sərgi peşəkar əlaqələrin qurulması və müxtəlif ölkələrin tibb müəssisələrinin işçiləri arasında təcrübə mübadiləsi aparılması üçün platforma rolu oynayır. K.Foqele vurğulayıb ki,“Baltic Care” Latviya həkimlərinin təcrübəsini azərbaycanlı mütəxəssislərə öyrətməyi nəzərdə tutur. Azərbaycanlı həkimlər əməliyyatdan sonrakı dövrdə pasiyentlərimizi artıq vətəndə müşahidə edə bilərdilər.
Bakıda keçirilən beynəlxalq sərgidə Latviyanın daha bir tibb mərkəzi – ARS təqdim olunub. Bu mərkəzin marketinq şöbəsinin rəhbəri Ceyna Tsine Bakı sərgisini regionun bazarda vəziyyətin mənzərəsini yetərincə dəqiq canlandıran ən böyük sərgisi adlandırıb. C.Tsine deyir ki, bu sərgidə biz Premium sinfindən yeni unikal avadanlığın – Almaniyanın aparıcı uroloji avadanlıq istehsalçısının yeni nəsil “Gemini” litopriptorunun təqdimatını keçirdik. Baltik ölkələrinin heç birində analoqu olmayan xüsusi avadanlıqda daşların parçalanması metodu Bakıda böyük maraq doğurdu.
Azərbaycan paytaxtı barədə təəssüratlarını bölüşən İvonna Kezbere, Ketiya Foqele və Ceyna Tsine deyiblər: “Çox xoş təəssüratlarımız var. Azərbaycanlılar açıqürəkli, xeyirxah və qonaqpərvər insanlardır. Bakının ən gözəl yeri bulvardır. Biz Şəkiyə də getdik, orada piti yedik. Milli mətbəxin yeməklərindən, nadir təbiətdən bir daha zövq almaq, habelə səhiyyə sahəsində əməkdaşlığımızı tənzimləyib möhkəmləndirmək üçün böyük məmnuniyyətlə yenidən Azərbaycana qayıdardıq”.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Latviya_sehiyye_sahesinde_Azerbaycan_ile_emekdasligin_inkisafina_maraq_gosterir-908452

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR