Tbilisidə Azərbaycan mədəni irsi nümunələrinin sərgisi açılıb

Tbilisidə Azərbaycan mədəni irsi nümunələrinin sərgisi açılıb
23:28 4 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+


Tbilisi, 4 dekabr, AZƏRTAC
Dekabrın 4-də Gürcüstan parlamentinin Milli Kitabxanasında Azərbaycan mədəni irsi nümunələrinin sərgisi açılıb.
“Əldə toxunmuş Azərbaycan xalçaları - ənənənin qorunması” adlı layihə çərçivəsində təşkil olunmuş sərgidə 40-a yaxın əl ilə toxunmuş xalça nümunələri, Azərbaycan və Gürcüstan yazıçılarının əsərləri, ermənilərin azərbaycanlılara, türklərə və gürcülərə qarşı törətdikləri terror aktlarından bəhs edən tarixi kitablar, misgərlik nümunələri, Azərbaycan musiqi alətləri, azərbaycanlı rəssamların əl işləri nümayiş etdirilib.
Sərgi çərçivəsində xalçaçılıq sənətinin sirlərini öyrənmiş məktəbli qızlar öz bacarıqlarını nümayiş etdiriblər.
Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru Leyla Əliyeva AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində deyib ki, Gürcüstan Mədəniyyət Nazirliyi tərəfindən maliyyələşdirilən layihə çərçivəsində Azərbaycan mədəniyyəti nümunələrinin bərpası, tətbiqi və təşviqi istiqamətində müəyyən işlər görülüb. Əsas məqsəd Azərbaycan mədəniyyətini, incəsənətini, tarixini təbliğ etmək, eləcə də xalqımızın zaman-zaman üzləşdiyi problemləri, məruz qaldığı terror və zorakılıqlarla bağlı ictimaiyyəti məlumatlandırmaqdır. Sərgidə nümayiş etdirilən 150-dək kitab Milli Kitabxanaya hədiyyə olunacaq.
Tədbir çərçivəsində M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzi ilə Gürcüstan parlamentinin Milli Kitabxanası arasında əməkdaşlığa dair memorandum imzalanıb. Sənəddə mədəniyyət sahəsində əməkdaşlıq, birgə mədəni tədbirlərin təşkili və s. məsələlər nəzərdə tutulub.
Sərginin açılışında Azərbaycanın bu ölkədəki səfirliyinin, Gürcüstanın Mədəniyyət Nazirliyinin əməkdaşları, mədəniyyət, incəsənət və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi








Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Tbiliside_Azerbaycan_medeni_irsi_numunelerinin_sergisi_achilib-908474

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR