Uşaq hüquqlarının xüsusi diqqətə və müdafiəyə ehtiyacı var

Uşaq hüquqlarının xüsusi diqqətə və müdafiəyə ehtiyacı var
23:53 4 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 4 dekabr, AZƏRTAC
Suraxanı rayonunun Hövsan qəsəbəsindəki 76 nömrəli tam orta məktəbdə Avropa Şurasının “Hər beş uşaqdan biri” kampaniyası çərçivəsində “Biz zorakılığa yox deyirik!” mövzusunda “dəyirmi masa” keçirilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Milli Məclisinin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, Avropa Şurası Parlament Assambleyasının “Uşaqlara qarşı zorakılıq” proqramının Azərbaycandakı parlament əlaqələndiricisi Sevinc Fətəliyeva, rayon icra hakimiyyəti başçısının müavini Afət Həsənova, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Ombudsman Aparatının nümayəndələri, məktəb direktorları, psixoloqlar iştirak ediblər.
Məktəbin direktoru Tehranə Tağıyeva müzakirə olunan mövzunun xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Milli Məclisin deputatı Sevinc Fətəliyevaya bildirib ki, uşaqların təhlükəsiz, sağlam mühitdə yaşaması və hərtərəfli inkişafına şərait yaradılması dövlətlərin və insanların mənəvi borcudur. Təəssüf ki, hazırkı narahat dünyada bunları təmin etmək bəzi dövlətlər üçün qeyri-mümkündür. Dünyada gedən müharibələr və münaqişələr nəticəsində hər gün günahsız uşaqlar qətlə yetirilir, valideynsiz qalır, insanlığa yaraşmayan hadisələrlə üzləşirlər. Uşaq hüquqlarının müdafiəsi hər bir dövlət üçün mürəkkəbləşir və çətinləşir. Uşaq hüquqları insan hüquqlarının tərkib hissəsi olsa da, bu hüquqların xüsusi diqqətə və müdafiəyə ehtiyacı var. Uşaqların tədricən insan hüquqları obyektindən müstəqil insan hüquqları subyektinə çevrilməsi və həm dövlətin siyasəti, həm də ailədə uşaqların ən yaxşı maraqlarının təmin olunmasının prioritet kimi tanınması böyük əhəmiyyət daşıyır. Avropa Şurasının “Hər beş uşaqdan biri” kampaniyası çərçivəsində müzakirəyə çıxarılan məsələ yerlərdə davamlı olaraq müzakirə ediləcək.
Tədbirdə çıxış edən Afət Həsənova zorakılıq və onun gündən-günə artan formalarının dünyanın ən qorxulu ictimai problemlərindən birinə çevrildiyini vurğulayıb. Bildirib ki, uşaqlarla davranış məsələsində ehtiyatlı olmaq lazımdır. Ailəyə dövlətin kiçik modeli kimi baxırıq, uşaqlar da ailənin özəyidir. Onların hüquqlarının təmini valideynlərlə yanaşı, dövlətin də qarşısında duran əsas məqsəddir. Yetkinlik yaşına çatmayan, xüsusən də yeddi yaşına qədər olan uşaqlar özlərinin hüquq və qanuni mənafelərini müdafiə etmək iqtidarında olmurlar. Bu səbəbdən onları qorumağın və vətəndaş kimi yetişdirməyin məsuliyyəti əsasən valideynlərin və məktəbin üzərinə düşür.
“Dəyirmi masa”da çıxış edənlər ölkəmizdə uşaqların inkişafına prioritet məsələlərdən biri kimi yanaşıldığını, uşaq hüquqlarına dair milli qanunvericiliyin təkmilləşdirildiyini diqqətə çatdırıb, mövzu üzrə Suraxanı rayonunda keçirilmiş maarifləndirici tədbirləri yüksək qiymətləndiriblər.
Sonda məktəblilərin mövzu üzrə hazırladıqları səhnəciklər göstərilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Usaq_huquqlarinin_xususi_diqqete_ve_mudafieye_ehtiyaci_var-908476

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR