Azərbaycan alimindən ixtira

Azərbaycan alimindən ixtira
08:05 5 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+

Dünya elmində ilk dəfə olaraq, Azərbaycan alimi dənizdə nərəkimilərin, kilkələrin, kütümün və s. sayının artmasına mənfi təsir göstərən, olduqca zərərverici olan "Mnemiopsis leidyi (A.Agassiz) daraqlısı"nın öyrənilməsi sahəsində yeni ixtira edib.

Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutunun Hidrobiologiya laboratoriyasının böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Nuriyə Şamionova artıq bununla bağlı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən "Mnemiopsis leidyi (A.Agassiz) daraqlısı"nın saxlanması üçün fiksator" adlı ixtirasına görə patent də alıb.

N.Şamionova Trend-ə bildirib ki, əmtəə balıqçılığının inkişafına ciddi maneə olan mnemiopsislər 1990-cı illərin axırlarında ballast suları vasitəsilə Xəzər dənizinə gətirilib. Dəniz akvatoriyasında sürətlə yayılan mnemiopsis leidyi 30 ildən artıqdır ki, Qara və Azov dənizlərinin ekosisteminə, 15 ildən artıq müddətdir ki, Xəzər dənizinə təsir göstərir.

Alim qeyd edib ki, balaca, jele şəklində olan mnemiopsis ələ götürülən kimi dağıldığından onu indiyədək tədqiq etmək və bu səbəbdən də ona qarşı mübarizə üsulunu müəyyənləşdirmək mümkün olmayıb.

N.Şamionava əlavə edib ki, onun təklif etdiyi yeni texnologiya sayəsində dəniz mühitindən ayrılmış mnemiopsis üçün yeni süni mühit yaradılıb. Mnemiopsis spirt və palıd qabığı əsasında hazırlanan bu maye mühitdə ölsə də, onun forması dağılmamış formada, olduğu kimi qalır. Bu da mnemiopsisin uzun müddət laboratoriya şəraitində qalmasına və onun öyrənilməsinə imkan verəcək.

Alim bu ixtirası üçün beynəlxalq patent də almağa hazırlaşır.

Qeyd edək ki, Xəzərdə mnemiopsislərin olması yalnız Azərbaycan deyil, bütün Xəzəryanı ölkələr üçün problemlər yaradıb. Mnemiopsislər Xəzər dənizində nərəkimilərdən olan beluqanın sayının daha çox azalmasına səbəb olub. Xəzərin Azərbaycan sektorunda mnemiopsislərin olması dənizin daha çox Lənkəran ərazisinə düşən hissəsinə zərbə vurub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/387793.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR