IDEA "Hər kağızı bir yarpağa dəyişək" layihəsi çərçivəsində ağacəkmə aksiyası keçirib (FOTO)

IDEA "Hər kağızı bir yarpağa dəyişək" layihəsi çərçivəsində ağacəkmə aksiyası keçirib (FOTO)
13:13 5 Dekabr 2015
31 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva – Trend:

Bu gün IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyinin təşəbbüsü ilə "Hər kağızı bir yarpağa dəyişək" layihəsi çərçivəsində Bakı şəhərinin Badamdar qəsəbəsi ərazisində növbəti ağacəkmə aksiyası keçirilib.

Trend-in məlumatına görə, İDEA İctimai Birliyinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Nigar Qarayeva jurnalistlərə bildirib ki, "Hər kağızı bir yarpağa dəyişək" layihəsinə IDEA İctimai Birliyi və Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən bu il martın 18-də start verilib.

Layihə çərçivəsində Bakı şəhərində və regionlarda yerləşən ASAN Xidmət Mərkəzlərinin qarşısında istifadə olunmuş kağızların qəbul məntəqələri quraşdırılıb. Bununla yanaşı, "Azersun" şirkəti tərəfindən 300 kq-dan artıq kağız tullantılarının ünvanlardan xüsusi nəqliyyat vasitələri ilə toplanması da təşkil edilir.

N.Qarayeva əlavə edib ki, layihəyə əsasən hər 50 kq kağız qarşılığında bir ədəd ağacın alınaraq əkilməsi planlaşdırılıb. N.Qarayevanın sözlərinə görə, ümumilikdə layihə çərçivəsində bu günə qədər 150 tona yaxın kağız tullantısı toplanaraq, təkrar emala göndərilib. Bunun da müqabilində Bakı şəhərində 3000 ağac əkilib.

N.Qarayeva qeyd edib ki, Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi ilə birgə təşkil edilən bu ağacəkmə aksiyasında 100-ə yaxın gəncin iştirakı ilə Xan çinarı, Zeytun, İydə, Sərv, Şam, Göyrüş, Yapon naznazı, Oleandr, Ərküdə, Akasiya cinslərindən olmaqla, ümumilikdə 1500 ədəd ağac əkilib: “IDEA İctimai Birliyi yaşıllıqların artırılması və qorunmasına xüsusi həssaslıqla yanaşır. Belə ki, təsis edildiyi dövrdən etibarən IDEA ictimai Birliyi tərəfindən həyata keçirlən geniş miqyaslı ağacəkmə aksiyaları çərçivəsində ölkə ərazisində 5 milyondan artıq ağacın əkilməsinə nail olunub. "Hər kağızı bir yarpağa dəyişək" layihəsinin əsas məqsədi kağız israfını azaltmaq və təkrar emalı təşviq etmək yolu ilə ağacların qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanılmasına nail olmaqdır”.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin baş direktoru Vaqif Novruzov jurnalistlərə bildirib ki, bu tədbirin keçirilməsində əsas məqsəd Bakının ekoloji mühitini sağlamlaşdırmaq, qəsəbə ərazisində park salmaq və gələcəkdə yaxın ərazilərdə yaşayan insanların bu parkda istirahətini təmin etməkdir: “Seçilmiş ağaclar Abşeron rayonunun təbii mühitinə uyğundur. Əkdiyimiz ağaclara birliyin işçiləri tərəfindən qulluq ediləcək. Aqrotexniki qulluq yüksək səviyyədə təşkil olunacaq”.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2465592.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR