“Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı” adlı kitab işıq üzü görüb

“Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı” adlı kitab işıq üzü görüb
18:38 5 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+


Naxçıvan, 5 dekabr, AZƏRTAC
“Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı” adlı kitab işıq üzü görüb. Kitab muxtar respublikada əkinəyararlı torpaqların xüsusiyyətləri, burada becərilən yüksək məhsuldar kənd təsərrüfatı bitkilərinin qorunub saxlanılması, əhalinin təhlükəsiz və keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təmin edilməsi və idxaldan asılılığın aradan qaldırılması məsələlərindən bəhs edir.
AZƏRTAC xəbər verir ki, kitabın müəllifi Elnur Bağırov, elmi redaktoru isə iqtisad üzrə fəlsəfə doktoru, dosent Müslüm Cabbarzadədir.
2015-ci ilin “Kənd təsərrüfatı ili” elan edilməsinə həsr edilən və geniş oxucu kütləsinə təqdim olunan kitabda Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı ardıcıl və mərhələli şəkildə tədqiq edilib. Kitabda Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın mühüm sahəsi olan kənd təsərrüfatının indiyədək keçdiyi tarixi yol, müasir vəziyyəti, inkişaf perspektivləri araşdırılıb, aqrar sahənin müxtəlif bölmələri həm kompleks şəkildə, həm də ayrı-ayrılıqda təhlil edilib.
Kitabda, ilk olaraq, Naxçıvan Muxtar Respublikasının coğrafi mövqeyi, relyefi, geoloji quruluşu, faydalı qazıntıları, iqlimi və daxili suları, həmçinin torpaq quruluşu və torpaq bölgüsü məsələləri araşdırılıb. Naxçıvanın kənd təsərrüfatı haqqında tarixi mənbələrdəki məlumatlar, muxtariyyət dövrünün birinci yarısında burada kənd təsərrüfatının ümumi inkişaf meyilləri, 1969-cu ildən sonra aqrar sahənin inkişafında ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə görülmüş işlər, həmçinin ölkəmizin müstəqillik dövründə kənd təsərrüfatının ümumi vəziyyəti tədqiq olunub.
Bununla yanaşı, kitabda Naxçıvan Muxtar Respublikasının aqrar sektorunda yeni mülkiyyət münasibətlərinin yaradılması və torpaqların özəlləşdirilməsi, həyata keçirilən torpaq islahatları və onların nəticələri, həmçinin kənd təsərrüfatının mövcud sahə strukturunun formalaşması məsələləri şərh olunub, muxtar respublika iqtisadiyyatının dinamik inkişafı fonunda aqrar sahənin yeri, müasir mərhələdə muxtar respublikada kənd təsərrüfatının təhlili və həmçinin aqrar sahədə sürətli artımın başlıca amili hesab edilən dövlət dəstəyinin əsas meyillərinə xüsusi diqqət yetirilib. Nəfis tərtibatla çap edilmiş kitabda muxtar respublikada aqrar sahənin inkişafını əks etdirən müxtəlif fotoşəkillər oxuculara təqdim olunur.
Kitab muxtar respublikada kənd təsərrüfatının dünəni, bu günü və inkişaf istiqamətləri ilə maraqlananlar üçün dəyərli mənbədir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Naxchivan_Muxtar_Respublikasinin_kend_teserrufati_adli_kitab_isiq_uzu_gorub-908631

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR