İtaliyalı tələbələr Azərbaycanı öyrənməyə maraq göstərirlər

İtaliyalı tələbələr Azərbaycanı öyrənməyə maraq göstərirlər
18:53 5 Dekabr 2015
34 Digər
Ölkə mətbuatı
A- A+


Roma, 5 dekabr, AZƏRTAC
Romadakı La Sapienza Universitetində Azərbaycan və Qafqaz üzrə Gənc İtalyan Tədqiqatçılar Assosiasiyasının (ASSAC) növbəti illik konfransı keçirilib.
ASSAC-ın prezidenti, professor Daniel Pommierin moderatorluğu ilə keçirilən tədbirdə qurumun fəaliyyəti, il ərzində Assosiasiyanın üzvü olan gənc tədqiqatçıların əldə etdikləri uğurlar haqqında məlumat verilib.
Universitetin rektoru, professor Eucenio Qaudio rəhbərlik etdiyi qurumun fəaliyyətindən və beynəlxalq əlaqələrindən söz açıb. O deyib: “Universitetimiz bir sıra mədəniyyətlərarası əməkdaşlıqlara imza atıb. Lakin heç də bu əlaqələrin hamısı Azərbaycanla qurduğumuz əməkdaşlıq kimi uğurlu alınmayıb. Bu münasibətlərin inkişafında ölkənin İtaliyadakı səfirliyinin rolu böyükdür”.
Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov çıxış edərək ölkələrimizin müxtəlif istiqamətlərdə fəaliyyət göstərən qurumları, o cümlədən akademik dairələri və elmi institutları arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Bildirib ki, azərbaycanlı gənclər İtaliyanın müxtəlif universitetlərində təhsil almağa böyük maraq göstərirlər. Bu sırada dünyanın ən önəmli və qədim təhsil ocaqlarından biri olan La Sapienza Universiteti xüsusi yer tutur. “Bu ali təhsil ocağı ilə Azərbaycanın müxtəlif elmi qurumları arasında əməkdaşlıq məmnunluq doğurur. Azərbaycanın akademik dairələri bu universitetin professorları, ekspertləri, tədqiqatçıları ilə birgə uğurlu layihələr həyata keçirirlər. Ümid edirəm ki, əməkdaşlığımız gələcəkdə də davam edəcək”, - deyə səfir əlavə edib.
V.Sadıqov diqqətə çatdırıb ki, Azərbaycan ilə İtaliya arasında qədim tarixə malik əlaqələr möhkəm əsaslar üzərində qurulub. Bu ölkə Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. Xeyli sayda İtaliya şirkətləri Azərbaycanda müxtəlif istiqamətlərdə uğurla fəaliyyət göstərir. Bu əlaqələr iki müxtəlif mədəniyyətə malik ölkənin necə uğurla əməkdaşlıq edə biləcəyinə ən yaxşı nümunədir.
Konfransda çıxış edən La Sapienza Universitetinin prorektoru Antonello Biacini Azərbaycanla bağlı tədqiqatlar, araşdırmalar aparan, ölkəmizdə səfərdə olan müəllim və tələbələrdən danışıb. Bildirib ki, Azərbaycanın yeganə problemi Dağlıq Qarabağ münaqişəsidir. BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etməsinə baxmayaraq, bu sənədlərin icrası həyata keçirilmir.
Azərbaycanı yaxından tanıdığını deyən prorektor diqqətə çatdırıb ki, geosiyasi cəhətdən önəmli mövqedə yerləşməsi, zəngin enerji ehtiyatlarına malik olması regionda bu ölkəni önəmli aktora çevirib. O, Azərbaycanda multikultural ənənələrin kök saldığını və bütün dinlərin nümayəndələrinə bərabər hüquqların verildiyini vurğulayıb. Bildirib ki, sülh içində birgəyaşayış və tolerantlıq Azərbaycanda tarixən formalaşmış ənənələrdir. Universitetimiz ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşlığı çərçivəsində bu təhsil ocağında Azərbaycan multikulturalizmi fənni tədris olunur.
Universitetin professorları Ancelo Kianeze, xanım Covanna Motta, Ciuliana Vinçi çıxış edərək ölkələrimizin elmi dairələri arasında əlaqələrdən, həyata keçirilən birgə layihələrdən söz açıblar. Vurğulanıb ki, azərbaycanlı tələbələrin İtaliya universitetlərində müvəffəqiyyətlə təhsil almaları sevindirici haldır.
Daha sonra Azərbaycanla bağlı müxtəlif mövzularda araşdırmalar aparan italiyalı gənc tədqiqatçılar Mattia İqnatsi, Françeska Barbino və digərləri tədqiqat işləri haqqında məlumat verərək bu araşdırmalar sayəsində ölkəmizi yaxından tanıdıqlarını qeyd ediblər.
Azərbaycan-İtaliya Gənclər Assosiasiyasının həmsədrləri, La Sapienza Universitetinin tələbələri Emin Rüstəmov və Elmar Mustafayev çıxış edərək təmsil etdikləri qurumun fəaliyyətindən, ölkəmizlə bağlı məlumatların italiyalılara çatdırılması istiqamətində gördükləri işlərdən danışıblar. Diqqətə çatdırılıb ki, azərbaycanlı və italiyalı tələbələrin əməkdaşlığı çərçivəsində bir sıra uğurlu layihələr həyata keçirilməkdədir.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Italiyali_telebeler_Azerbaycani_oyrenmeye_maraq_gosterirler-908643

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR