Sarkisyanın erməni xalqına qarşı satqınlığı

Sarkisyanın erməni xalqına qarşı satqınlığı
13:16 6 Dekabr 2015
50 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Ermənistanda ölkənin idarəetmə quruluşunu dəyişmək üçün referendum keçirilir.

ANS PRESS-in məlumatına görə, bu gün ölkə vətəndaşları Ermənistanın prezident idarəetmə quruluşundan parlament idarəetməsinə keçidi nəzərdə tutan Konstitusiya dəyişikliklərinin lehinə və əleyhinə səs verirlər.

Əgər hakimiyyətin təklif etdiyi dəyişikliklər qəbul edilərsə, ölkə prezidentin rəhbərlik dövrü əvvəlki kimi 5 il deyil, 7 il olacaq. Bundan başqa prezident ümumxalq səsverməsi ilə seçilməyəcək. Onu parlament deputatlarından və yerli idarəetmə orqanlarından təşkil edilmiş xüsusi qrup seçəcək.

Baş nazir vəzifəsinə namizədlər parlamentdəki səsvermə çoxluğu ilə müəyyən ediləcək, baş naziri isə prezident təyin edəcək. Müharibə baş verərsə, o, ali baş komandan olacaq və silahlı qüvvələr birbaşa hakimiyyətə tabe olacaq.

Yeni layihədə deputat sayının azaldılması da nəzərdə tutulub. Əgər referendumda təklif edilən dəyişikliklər səs çoxluğu qazanarsa, Ermənistan parlamentində hazırki 131 deputat əvəzinə 101 deputat olacaq. Burada milli azlıqlara yer verilməsi də nəzərdə tutulub.

Hesablamalara görə, Ermənistanda səsvermə üçün qeydiyyatdan keçən vətəndaşların sayı cəmi 2 milyon 550 min 323 nəfərdir. Onlardan 183 min nəfəri seçkilərdə pasport əvəzinə identifikasiya kartından istifadə edəcək.



Lakin bu seçkilər heç də birmənalı qarşılanmır. Referendum təkcə əhali arasında deyil, partiyalar arasında da fikir ayrılığı yaradıb. Hakim partiya, müxalif "Daşnaksütyun" və "Çiçəklənən Ermənsitan" Konstitusiya layihəsini dəstəklədiyi halda, "İrs", Levon Ter-Petrosyanın rəhbərlik etdiyi "Erməni milli konqresi", ölkənin keçmiş prezidenti Robert Koçaryan onun əleyhinədirlər.

Eyni zamanda dekabrın 1-dən Ermənistanda referendumla bağlı etiraz aksiyaları keçirilir. Hərəkatın rəhbəri Jirayr Sefilyan bildirib ki, cinayətkar rejim devrilməyincə mitinqlərə son qoyulmayacaq.

"Bizim öz tərəfdarlarımızı bir neçə gün isti geyim və yeməklə təmin etmək imkanımız var. Rejimin devrilməsi çox uzun zaman alacaq. Amma biz bunu bacarmalıyıq", - deyən Sefilyan həmçinin bildirib ki, hərəkat geri çəkilmək niyyətində deyil və öz məqsədinə nail olmaq üçün sonadək mübarizə aparacaq.

Mitinqlər "Yeni Ermənistan" xalq qurtuluşu, "Miras" müxalifət partiyası, Müxalifət Vətəndaş Təşəbbüsü qrupları, “Ermənistan politoloqlar ittifaqı” hərəkatları tərəfindən təşkil edilir. Etiraz aksiyalarının əsas şüarı isə "Dur, Ermənistan!"dır.

Azərbaycanın sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli ANS PRESS-ə verdiyi açıqlamasında bildirib ki, bununla Ermənistan ölkədə demokratiyanın olmadığını bir daha sübut edib.


Qabil Hüseynli - Azərbaycanın sabiq dövlət müşaviri, politoloq


"Ermənistan bu referendumla anti-demokratik avtoritar idarə üsulunu referendum adı altında xalqın adından rəsmiləşdirir", - deyən Qabil Hüseynli bu işdə Rusiyanın təsirinin danılmaz olduğu bildirib.

"Hakimiyyətin ölkədəki kütləvi etiraz aksiyalarına, narazılıqlara əhəmiyyət verməməsi onu göstərir ki, Serj Sarkisyan artıq Rusiyanın razılığını alıb. Hər şey Kremldən verilən sərəncamlar əsasında həyata keçirilir. Layihənin qəbul edilməsi Sarkisyana prezident deyil, baş nazir olmağa imkan verəcək", - deyə o əlavə edib.


Rusiya prezidenti Vladimir Putin (solda) və Ermənistan prezidenti Serj Sarkisyan (sağda)


Bir sözlə, Ermənistanda Konstitusiya layihəsi qəbul edilərsə, icra hakimiyyətinin bütün səlahiyyətləri baş nazirin əlində cəmləşəcək. Dünən ölkəni prezident kimi idarə edən Sarkisyan bu gün onu baş nazir kimi idarə edəcək. Prezidentin isə simvolik olaraq çox az hüquqları olacaq. Beləliklə ölkə tamamilə Sarkisyan klanının altında toplanacaq.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366567

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR