Bakı, 6 dekabr, AZƏRTAC
Dekabrın 6-da Azərbaycan Respublikasının Baş naziri, “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza ilə əlaqədar yaradılmış Dövlət Komissiyasının sədri Artur Rasizadə SOCAR-da olub, “Günəşli” yatağındakı 10 saylı stasionar dəniz özülündə baş vermiş qəza ilə əlaqədar müşavirə keçirib.
SOCAR-dan AZƏRTAC-a bildiriblər ki, müşavirədə Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun, Xəzər Dəniz Gəmiçiliyi QSC-nin sədri Rauf Vəliyevin, Azərbaycan Respublikası Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin, SOCAR-ın prezidenti Rövnəq Abdullayevin qəzanın aradan qaldırılması və itkin düşənlərin axtarışı ilə əlaqədar hesabatları dinlənilib, Baş nazirin sualları cavablandırılıb.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə qəzanın aradan qaldırılması, yanğının söndürülməsi və xilasetmə işlərinin sürətləndirilməsi ilə bağlı aidiyyatı dövlət qurumlarının rəhbərlərinə tapşırıqlar verib.