Vaşinqton Azərbaycanla əlaqələri intensivləşdirir

Vaşinqton Azərbaycanla əlaqələri intensivləşdirir
20:17 6 Dekabr 2015
41 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 4 dekabr. REPORT.AZ/ Azərbaycan prezidenti İlham Əliyevin “Böyük İyirmilərin” Antalya sammitində ABŞ prezidenti Barak Obama ilə qısa fikir mübadiləsi diqqətçəkici idi. İlham Əliyev daha sonra sammitdəki çıxışında ABŞ-ın enerji layihələrində Azərbaycana verdiyi dəstəyə görə Barak Obamaya minnətdarlığını bildirdi.
Görüş və ABŞ-a minnətdarlıq Bakı ilə Vaşinqton arasındakı münasibətlərdə istiləşməyə xidmət etdi. Antalya sammitinin ardınca ABŞ-dan Azərbaycana gələn nümayəndə heyətlərinin sayı artdı. Doğrudur, səfərlərin bir qismi Anlatyadakı sammitdən əvvəl planlaşdırılmışdı. Ancaq Antalyadakı Əliyev-Obama təması Bakıya səfərlərin müsbət atmosferdə keçməsinə şərait yaratdı.
18-20 noyabrda ABŞ-dan olan ticarət missiyası Azərbaycana səfər etdi. Missiyanın rəhbəri ABŞ Ticarət Departamenti katibinin köməkçisinin müavini Maykl Lalli idi. Nümayəndə heyətinə ABŞ-ın 14 şirkətinin nümayəndəsi də daxil idi. Mayk Lalli görüşlərdən sonra verdiyi açıqlamada dedi ki, ABŞ-Azәrbaycan tәrәfdaşlığı öz uğuru ilә seçilir. Mayk Lallinin sözlərinə görə rəhbəri olduğu missiyanın iki məqsədi olub.
Birinci məqsəd ondan ibarәt idi ki, iki ölkә arasında iqtisadiyyat vә ticarәt sahәsindә çox vacib potensial var. “Missiyamız bu potensialı genişlәndirmәyә səy göstərir” – dedi amerikalı diplomat.
İkinci məqsəd ABŞ şirkәtlərinin Azәrbaycanda tәrәfdaş tapmağa vә azәrbaycanlılarla birlikdә işlәyәrәk hәm Azәrbaycanda, hәm dә ABŞ-da biznes qurub yeni iş yerlәri yaratmağa çalışmaqdır.
Qeyd edək ki, bu missiya son 7 ildә ABŞ Ticarәt Departamentindәn Bakıya edilən әn yüksәk sәviyyәli sәfәr idi. ABŞ heyəti Azərbaycanda 100-ә yaxın görüş keçirdi. ABŞ ticarət missiyası 2016-cı ildә daha böyük nümayәndә heyәti ilә Azərbaycana gәlәcək. Azərbaycanla ABŞ arasında ticarәt dövriyyәsi 2 milyard dollara çatıb və bu daha çox aviasiya, peyk sahәsində əməkdaşlığı әhatә edir.
Bundan sonra Azərbaycana ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini, xanım Bridcet Brink gəldi. İlham Əliyev Bridcet Brinklə görüşdə dedi ki, Azərbaycanla ABŞ müxtəlif sahələrdə uzun illərdir ki, uğurla əməkdaşlıq edir, bu özünü enerji və regional təhlükəsizlik, iqtisadi inkişaf və digər sahələrdə göstərir. Prezidentdən sonra ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavinini xarici işlər naziri Elmar Məmmədyarov da qəbul etdi. Məmmədyarov da Azərbaycan-ABŞ münasibətlərinin yüksək səviyyədə olduğunu vurğuladı. Elmar Məmmədyarov hətta onu da dedi ki, ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsinə ehtiyac var.
Elmar Məmmədyarov görüşdə iki ölkə arasında enerji sahəsində bir sıra irimiqyaslı layihələrin reallaşdırılması təcrübəsinin hazırda gündəmdə olan digər enerji layihələrinin uğurla tamamlanmasına töhfə verəcəyini bildirdi.
Bu sözlər o deməkdir ki, rəsmi Bakı Vaşinqtonun vaxtilə Bakı-Tiflis-Ceyhan boru xəttinə verdiyi siyasi dəstəyin TAP və TANAP layihələrinə dəstək verilməsini də istəyir. Çünki, Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi fonunda Kreml TAP və TANAP layihələrinin reallaşdırılmasına qısqanc yanaşa bilər. Buna görə də rəsmi Bakı ümid edir ki, Vaşinqton Kremlin mümkün təzyiqlərinin neytrallaşdırılmasında Azərbaycana dəstək verəcək.
Rəsmi Bakı ABŞ-la iqtisadi, ticarət, enerji və hərbi-təhlükəsizlik əlaqələrinin genişlənməsinə maraqlı olduğunu bəyan edir. Vaşinqton Avrasiya bölgəsində indiki gərgin vəziyyətdə Azərbaycanı özünə tərəfdaş görmək istəyir. Buna görə də rəsmi təmaslarda və diskussiyalarda Vaşinqton bir müddət rəsmi Bakını qıcıqlandıran mövzulara toxunmayacaq.
Buna baxmayaraq, Vaşinqtonun Dağlıq Qarabağ münaqişəsinin həllində aktiv rol oynayacağını söyləmək də çətindir. Suriyada müharibə və Ukrayna ətrafında Rusiya-Qərb qarşıdurması davam etdikcə Vaşinqtonun Dağlıq Qarabağ kimi problemlərin həllinə maraq göstərəcəyi sual altındadır.

Elxan Şahinoğlu

Xəbərin orijinal ünvanı: http://report.az/analitika/vasinqton-azerbaycanla-elaqeleri-intensivlesdirir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR