SOCAR: Təəssüflər olsun ki, bu vaxtadək itkin düşmüş işçilərin tapılması mümkün olmayıb

SOCAR: Təəssüflər olsun ki, bu vaxtadək itkin düşmüş işçilərin tapılması mümkün olmayıb
11:53 7 Dekabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 7 dekabr, AZƏRTAC
Hazırda əsas iki istiqamətdə işlər tam sürətlə aparılır. Xilasetmə işləri ilə əlaqədar axtarışlar gəmilərlə bütün gecəni davam etdirilib. Gecə 7 gəmi - 2 “Vixr-9” və 5 digər gəmilər 10 nömrəli platformanın söndürülməsi istiqamətində iş aparıblar. Bu gün səhər saatlarından etibarən isə Fövqəladə Hallar Nazirliyinin (FHN) və digər qurumların vertolyotları axtarışlara başlayıblar.
AZƏRTAC xəbər verir ki, bu barədə dekabrın 7-də saat 11-də keçirilən mətbuat konfransında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov məlumat verib.
O deyib: “ Hazırda FHN-nin, Dövlət Sərhəd Xidmətinin, Xəzər Dəniz Gəmiçiliyinin və SOCAR-ın rəhbərləri “Günəşli” yatağındakı 5 nömrəli platformada növbəti addımların hansı istiqamətdə aparılması ilə bağlı həm axtarış işləri, həm də platformanın söndürülməsi və yaranmış texniki problemlərin aradan qaldırılması ilə əlaqədar müşavirə keçirirlər. Bugünkü hava şəraiti işlərin hər iki istiqamətdə - gəmilər və helikopterlərlə aparılmasına imkan verir. Təəssüflər olsun ki, bu vaxtadək itkin düşmüş işçilərin tapılması mümkün olmayıb".
Onun sözlərinə görə, səhər saatlarından geofizika gəmisi ilə "Neft Daşları"nda 3 nəfərin axtarışı ilə əlaqədar 501 nömrəli platformanın suyun altında olan hissəsində axtarışlara başlanılıb. Dünən isə hava şəraitinin pis olması və suyun bulanıq olması axtarışlar üçün hər hansı effekt vermədi. Bu gün dalğaların sabitləşməsi bizə imkan verir ki, axtarış işlərinin suyun altında da davam etdirək. İlk əvvəl 501 nömrəli sonra isə yaxın estakadaların altında axtarışlar aparılacaq. Paralel olaraq bu sahədə də FHN-nin helikopterləri axtarışları davam etdirir.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/SOCAR_Teessufler_olsun_ki_bu_vaxtadek_itkin_dusmus_ischilerin_tapilmasi_mumkun_olmayib-908825

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR