Xoş üzlü ifritə qalib gəldi FOTO

Xoş üzlü ifritə qalib gəldi FOTO
12:12 7 Dekabr 2015
30 Ölkə
Ölkə mətbuatı
A- A+

Fransada Marin Le Penin başçılıq etdiyi ifrat sağçı və şovinist Milli Cəbhə Partiyası ölkədəki regional seçkilərin ilk turunun qalibidir.
Milli Cəbhə 13 regiondan 7-sində qalib gəlib.
Milli.Az European-a istinadən bildirir ki, "OpinionWay" şirkətinin keçirdiyi ekzit-polların nəticələri belədir.

Ən yaxşı nəticə Marin Le Pendədir. O, ölkənin şimalındakı Nor pa de Kale regionunda partiyasının seçki siyahısına başçılıq edib və rekord 41 faizlik nəticəyə nail olub. Le Penin əmisi qızı Marion Mareşal Le Pen də Provans-Alp bölgəsində analoji göstəriciyə nail olub.
France 2-nin məlumatına görə, ölkə üzrə Milli Cəbhə Partiyası orta hesabla səslərin 30,8 faizini toplayıb. 6 regionda nəticələr belədir.
Marin Le Pen nəticələri əla adlandırıb: "Ölkənin ehtiyacı olduğu milli birliyinə nail olmaq istəyirik".
Seçkilərdə ikinci yeri sabiq prezident Nikolya Sarkozinin başçılıq etdiyi Respublikaçılar Partiyası tutub. 3 regionda qalib olmuş bu partiya səslərin 27 faizinə yiyələnib.
Fransa prezidenti Fransua Ollandın sədr olduğu Fransa Sosialist Partiyası 22,7 faiz səslə 3-cü yerdədir.


Fransada regional hakimiyyət strukturlarına seçkilər iki turda keçirilir. 1910 mandat uğrunda 21564 namizəd mübarizə aparıblar. Onlar 170 partiya və seçki blokunu təmsil ediblər.
Builki seçkilər 2017-ci ildə Fransada keçiriləcək parlament və prezident seçkiləri ərəfəsində "məşq", ilkin mərhələ sayılır,
Regional seçkilərin 2-ci turu dekabrın 13-də olacaq.

Sosialistlərin qiyamı

Provans-Alp, Nor pa de Kale, Elzas-Şampan-Ardenn-Lotaringiya, Cənubi Pireney, Lanqedok, Russilyon, Burqundiya, Franş-Konte, Luara bölgələrində tam qələbəyə nail olmuş Millim Cəbhənin bu nəticəsi Fransa siyasətində şok effekti yaradıb.
Fransa Sosialist Partiyası dünən təcili toplantı keçirərək regional seçkilərin 2-ci turundan çəkilməyə qərar verib. Sosialistlər bu minvalla Nikolya Sarkozinin partiyasının mövqelərini gücləndirmək, qələbə şansını artırmaq və regional idarəetmə strukturlarının Milli Cəbhənin tamamən əlinə keçməsinə imkan verməməyə çalışırlar.

Lakin Nor pa de Kale, Pikardiy, Provans və Alp bölgələrində isə sosialistlər "qiyam" qaldırıblar. Onlar Sosialist Partiyasının rəhbərliyinin qərarını "təslimçilik" adlandıraraq seçkilərin 2-ci turuna qatılacaqlarını bildiriblər.
Fransanın sabiq prezidenti, Respublikaçılar Partiyasının sədri Nikolya Sarkoziyə gəldikdə isə o, daha sərt mövqe tutub.
Sarkozi sosialistlərlə koalisiya yaratmaq və ya onların güzəştlərindən faydalanmaq niyyətində deyil.
"İkinci turda daha sərt mübarizə aparacağıq. İlk tur fransızların indiki hakimiyyətdən narazı qaldıqlarını göstərdi. Mən o narazılıq səslərini eşitdim", - N.Sarkozi bildirib.

Niyə belə oldu?

Fransada ifrat sağçı, irqçi, neonasist təmayüllü Milli Cəbhə Partiyasının uğurunu şərtləndirən amillər var.
Onların arasında ikisi xüsusi yer tutur.
Əsas amil noyabrın 13-də Parisdə törədilən 7 terror aktıdır. Həmin terror aktlarında 130 nəfər həlak olub, 352 nəfər yaralanıb.
Teraktlara görə məsuliyyəti İŞİD boynuna alıb.
Digər səbəb isə Yaxın Şərq və Şimali Afrika ölkələrindən Avropaya axışan miqrantlardır.

Fransanın özündə böyük müsəlman icmasının yaşadığını nəzərə alsaq, ölkədə Suriya, Liviya, Pakistan, Əfqanıstan, Mərakeş və s. ölkələrdən qaçan miqrant müsəlmanların sayının artması fransızlar arasında "miqrant yürüşü təhlükəsi" adlandırıla biləcək əndişəni yaradıb.
Fransızlar arasında ölkənin və millətin bu minvalla milli identikliyini itirə biləcəyini söyləyənlərin sayı artır.
Ölkədə islamofobiya, dini zəmində dözülməzliyin güclənməsi, müsəlmanlara və miqrantlara qarşı aqressiyanın artması, neonasionalistlərin və şovinistlərin mövqelərinin sərtləşməsi də bununla bağlıdır.
Sosialistlər Le Peni "Xoş üzlü ifritə" adlandırırlar və onun qələbəsini Fransa üçün fəlakət sayırlar.
Fransadakı seçkilərin nəticəsi bütün Avropa Birliyinə təsir edə bilər və əslində, edəcək də.
Yaxın Şərq və Şimali Afrika ölkələrindən Avropa Birliyinə axışan miqrant selinin səngimək bilməməsi "köhnə qitə"də irqçilərin, millətçilərin, islamofobların mövqelərini gücləndirir.
"Avropa əldən gedir, "Müsəlmanlar Avropanı fəth edir" tipli çılğın, idiotik şüarlarla çıxış edən, aksiyalar keçirən irqçilərlə şovinistlərin tərəfdarlarının sayı da sürətlə artır.
Son vaxtlaradək hakimiyyətə gəlişi uzaqperspektivli planlar arasında görən neonasistlər və Marin Le Pen təki mimikriya etmiş irqçilər sakit davranırdılarsa, demokratiya və insan haqlarından danışırdılarsa, indi onlar radikallaşıblar.
Çünki onlar demokratiyanın ilk məğlubiyyətini gördülər, insan haqlarının axıdılan ilk qanını siyasət dişlərində hiss etdilər.
Avropa, deyəsən, ikinci "qaranlıq çağlar"a qədəm qoyur.

Elçin Alıoğlu
Milli.Az






















Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/388251.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR