“Aşıq Şəmşir” Mədəniyyət Ocağı UNESCO-da məsləhətçi statusu qazanıb

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı UNESCO-da məsləhətçi statusu qazanıb
12:12 7 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 7 dekabr. REPORT.AZ/ “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi UNESCO-da məsləhətçi statusu qazanıb. 
"Report" xəbər verir ki, bununla bağlı qərar UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin Namibiyanın paytaxtı Vindhuk şəhərində keçirilən 10-cu sessiyasında qəbul edilib. 
Məlumata görə, komitə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin UNESCO-da akkreditasiya üçün müraciətinə müsbət rəy verib. Komitə İctimai Birliyin müraciəti konvensiyanın tələblərinə cavab verdiyinə dair qərar verib və Baş Assambleyaya “Aşıq Şəmşir” Mədəniyyət Ocağının akkreditasiyadan keçirilməsini tövsiyə edib. Akkreditasiyadan keçən təşkilatlar UNESCO-da məsləhətçi statusu qazanır və UNESCO ilə dünyada mədəni irsin qorunması istiqamətində sıx əməkdaşlıq edir".
Hökumətlərarası Komitənin 10-cu sessiyasında qəbul edilən qərarlar 2016-cı ilin iyununda UNESCO-ya üzv dövlətlərin Baş Assambleyasında təsdiq edildikdən sonra qüvvəyə minəcək.
İctimai Birlikdən bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın səyləri nəticəsində bu günə qədər Azərbaycanın muğam ifaçılıq sənəti, aşıq sənəti, tar ifaçılıq sənəti və digər mədəniyyət nümunələri YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib: ""Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin UNESCO-da akkreditasiyadan keçməsi bizə imkan verəcək ki, işğal altında olan ərazilərimizdə dağıdılmış mədəni irs və abidələrimiz haqqında məlumatları dünya ictimaiyyətinə çatdıraq, Azərbaycanın haqlı mövqeyini UNESCO tərəfindən təşkil edilən beynəlxalq forumlarda müdafiə edək və Azərbaycan mədəniyyətini dünyada layiqincə təmsil edək".
Xatırladaq ki, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi yarandığı gündən etibarən dövlətin mədəniyyət siyasətinin həyata keçirilməsinə dəstək olaraq mütəmadi şəkildə Azərbaycan mədəniyyətinin, milli-mənəvi dəyərlərinin, folklorun, ozan-aşıq sənətinin və s. qeyri-maddi mədəniyyət nümunələrinin təbliği ilə bağlı ölkə daxilində və xaricdə tədbirlər və layihələr həyata keçirir.


Xəbərin orijinal ünvanı: http://report.az/medeniyyet-siyaseti/asiq-semsir-medeniyyet-ocagi-i-ctimai-birliyi-unesco-da-meslehetci-statusu-qazanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR