Milli Arxiv İdarəsinə maliyyə nöqsanları aşkarlandı

Milli Arxiv İdarəsinə maliyyə nöqsanları aşkarlandı
12:37 7 Dekabr 2015
17 Digər
Ölkə mətbuatı
A- A+

Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun sədrliyi ilə keçirilmiş növbəti Kollegiya iclasında dövlət büdcəsindən Milli Arxiv İdarəsinə ayrılan vəsaitlərin istifadəsinə dair auditin nəticələri müzakirə edilib.

Hesablama Palatasından Trend-ə verilən məlumata görə, kollegiya iclasında auditin nəticələri üzrə yoxlama qrupunun rəhbəri N.Tağıyevin məruzəsi dinlənilib.

Sonra auditor C.Həsənov audit sübutları ilə müəyyən edilmiş nöqsanlar barədə məlumat verib, ümumiləşdirilmiş nəticələri və auditor rəyində əks etdirilmiş tövsiyələri diqqətə çatdırıb.

Auditor C. Həsənov Milli Arxiv İdarəsi (MAİ) tərəfindən tərtib olunan büdcə təkliflərində təsiredici faktorların nəzərə alınmaması səbəbindən auditlə əhatə olunan dövrdə ayrılan vəsaitin 14,4 %-nin istifadə olunmayaraq büdcəyə qaytarıldığını, bir sıra hallarda vəsaitlərin Vahid Büdcə Təsnifatı ilə təsdiq edilmiş iqtisadi təsnifat kodunun dəyişdirilməsi ilə icra edildiyini bildirib.

Eyni zamanda, işçilərin mükafatlandırılması, maddi yardımların və məzuniyyətlə bağlı vəsaitlərin ödənilməsi zamanı bir sıra nöqsanların müəyyən edildiyini, malların (işlərin və xidmətlərin) satın alınması zamanı zərurət olmadan satınalma metodunun dəyişdirilməsi hallarının aşkar olunduğunu, büdcə vəsaiti hesabına zəruri olmayan və tələbatdan artıq mal-materiallar alınmaqla səmərəsiz xərcə yol verildiyini diqqətə çatdırıb.

Auditor nəzarət obyekti tərəfindən müqavilədə nəzərdə tutulan xidmətlər göstərilmədən avans şəkilində ödəniş edilərək debitor borcun yaranmasına yol verildiyini, bir neçə halda isə bağlanmış satınalma müqavilələrinin tələblərinə tam əməl edilməyərək işlərin vaxtında icra edilməməsinə görə nəzərdə tutulmuş cərimələrin tətbiq olunmadığını, alınmış proqram təminatının istifadə olunmadığını bildirib.

Auditor MAİ-nin maliyyə vəziyyəti haqqında hesabatlarında qeyri-maddi aktivlərin düzgün əks etdirilmədiyini, həmin hesabatlarda qeyri-birja əməliyyatından gəlirlərin və amortizasiya məbləğinin az göstərildiyini, həmçinin, vergi və məcburi ödənişlər üzrə öhdəliklər və gəlirlər barədə hesabat, eləcə də əvvəlki dövr üzrə məlumatların açıqlanmadığını qeyd edib.

Daha sonra auditor əldə edilmiş nəticələr əsasında auditor rəyində əks etdirilmiş tövsiyələri diqqətə çatdıraraq Milli Arxiv İdarəsi tərəfindən dövlət büdcəsindən ayrılan vəsaitlərdən istifadə üzrə şəffaflığın daha da artırılması və satınalmaların rəqabətə əsaslanmasını təmin edən metodlara üstünlük verilməsi, büdcə vəsaitlərinin səmərəli istifadə edilməsi məqsədi ilə material qiymətlilərinin illik tələbata uyğun həcmdə tədarük edilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi, alınmayan malların və xidmətlərin maliyyə hesabatlarında ehtiyatların qalığı və faktiki xərc kimi göstərilməsi hallarına yol verilməməsi məqsədilə nəzarətin gücləndirilməsi zərurətini qeyd edib.

Nəzarət tədbirinin nəticələri üzrə Kollegiya Qərarının layihəsi də müzakirə edilib, Kollegiya üzvlərinin təklif və iradları dinlənilib və nəzərə alınıb. Kollegiya Qərarı səsə qoyularaq qəbul edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/388285.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR