Bakı, 7 dekabr, AZƏRTAC
“Kitabsevərlər” qrupunun “Gənc qələmlərə dəstək” layihəsi çərçivəsində gənc yazıçı Cəmilə Məmmədlinin “Qonşu evin işıqları” kitabı işıq üzü görüb.
“Kitabsevərlər” qrupundan AZƏRTAC-a bildiriblər ki, yazıçının 12 hekayə və bir povestinin yer aldığı kitabın təqdimat mərasimi dekabrın 20-də keçiriləcək. “Qonşu evin işıqları” müəllifin ilk kitabıdır.
Cəmilə Məmmədli 1993-cü il sentyabrın 23-də Göyçayın Potu kəndində anadan olub. Onun ilk hekayəsi "Kitabsevərlər"in layihəsi olan “İz” toplusunda dərc edilib. Gənc qələm sahibinin tərcümələri “Şəhrizad” və “Gəlincik evi” dünya ədəbiyyatından seçmə hekayələr kitablarında işıq üzü görüb. Bundan başqa, o, Erix Mariya Remarkın "Qayıdış" romanının tərcüməçilərindən biridir.