Bakı-Tbilisi-Qars dəmir yolunun Türkiyə hissəsində işlər davam edir

Bakı-Tbilisi-Qars dəmir yolunun Türkiyə hissəsində işlər davam edir
14:23 7 Dekabr 2015
11 Digər
Ölkə mətbuatı
A- A+


Qars, 7 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Qars şəhərində Baş konsulu Ayxan Süleymanlı Bakı-Tbilisi-Qars dəmir yolu dəmir yol xəttinin Türkiyə hissəsində aparılan işlərin mövcud vəziyyətinin öyrənilməsi məqsədilə podratçı “Bayçel” şirkətinin Qars vilayətinin Arpaçay rayonundakı ofisində olub.
Layihənin icraçı direktoru Kayserşah Erdem Bakı-Tiblisi-Qars dəmir yol xəttinin inşası ilə əlaqədar 2007-ci ildən indiyədək görülmüş işlər barədə Baş konsula ətraflı məlumat verib.
K.Erdem bildirib ki, işlərin sürətləndirilməsi istiqamətində dəmir yolunun Türkiyə ərazisində yerləşən 79 kilometrlik hissəsində “Bayçel” şirkəti adı altında sonuncu tenderi qazanan “Özgün Yapı” və “Çeliklər” şirkətləri tərəfindən görülən işlər hazırda davam etdirilir. Buraya Canbaz sərhəd dəmir yol stansiyasının tikintisi, 8,5 kilometrlik qazma tuneli və 11,05 kilometrlik açıq tunelin alt hissəsində betonlama işlərin aparılması, dəmir yol relslərinin döşənilməsi və 322 metr uzunluğunda dəmir yol körpüsünün inşası daxildir.
Bundan əlavə, Baş konsul “Azərinşaat” MMC-nin sifarişinə əsasən “Bayçel” şirkəti tərəfindən yolun Gürcüstan ərazisindəki 1830 metrlik hissəsində aparılan işlərlə də maraqlanıb. K.Erdem bildirib ki, orada tunelin və dəmir yol stansiyasının tikintisi, həmçinin relslərinin döşəməsində tamamlama işləri aparılır.
Layihə direktoru məlumat verib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun Türkiyə hissəsində işlərin 2016-cı ilin sonunda bütünlüklə başa çatdırılması nəzərdə tutulur.
Daha sonra Baş Konsul Bakı-Tbilisi-Qars dəmiryol xəttinin Türkiyə hissəsində aparılan işlərin bir qismi ilə yerində tanış olub, inşa edilən tunellərə baxıb.

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Qars


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Baki_Tbilisi_Qars_demir_yolunun_Turkiye_hissesinde_isler_davam_edir-908882

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR