Bakı, 7 dekabr, AZƏRTAC
“Xaçmaz” Regional Elektrik Şəbəkəsi Müəssisəsinin balansına aid olan 110 kilovoltluq (kV) “Quba” yarımstansiyasında layihə sənədləri əsasında 35 kV-lik qapalı paylayıcı quruluşun tikintisi başa çatdırılaraq istismara verilib. Eyni zamanda, burada hər birinin gücü 40 meqavat-amper (MVA) olan 1 və 2 saylı transformatorlar cari təmir olunub. Bütün bunlarla yanaşı 10 kV-lik yağ açarı eleqaz açarla əvəz edilib. Ümumiyyətlə, həyata keçirilmiş yenidənqurma və təmir işləri yarımstansiyanın dayanıqlığını daha da möhkəmləndirilib.
“Azərenerji” ASC-dən AZƏRTAC-a bildirilib ki, müxtəlif təyinatlı təmir işləri müəssisənin xidməti ərazisində olan 330 və 110 kV-lik “Xaçmaz”, 110 kV-lik “Xudat”, “Yalama”, “Siyəzən” və digər eyni gərginlikli yarımstansiyalarda da həyata keçirilib. Müəssisənin balansına aid olan 35 kV-lik “Qusar” yarımstansiyasında da müxtəlif təyinatlı təmir işləri aparılıb. Layihə sənədləri əsasında 110/35/10 kV-lik “Qusar” yarımstansiyasında yenidənqurma işləri davam etdirilir.