Azərbaycanda elə bir sahə yoxdur ki, onun inkişafında Heydər Əliyevin zəhməti olmasın

Azərbaycanda elə bir sahə yoxdur ki, onun inkişafında Heydər Əliyevin zəhməti olmasın
17:08 7 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 7 dekabr, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar noyabrın 7-də Səbail Rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Dövlət Musiqili Teatrının binasında anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə Ulu Öndərə həsr olunan ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Azərbaycanın xalq artisti Teymur Göyçayevin bədii rəhbəri və baş dirijoru olduğu Qara Qarayev adına Dövlət Kamera Orkestrinin ifasında İohan Sebastyan Baxın “Ariya de major”u səslənib. Orkestrin ifası zamanı ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı film göstərilib.
Mərasimdə qeyd olunub ki, ulu öndər Heydər Əliyev hər kəsin qəlbində sadəliyi, səmimiyyəti, vətənpərvərliyi və digər yüksək insani keyfiyyətləri ilə unudulmaz izlər buraxıb. Bu dahi şəxsiyyətin adı Azərbaycan xalqının rəmzinə, əməlləri isə hünər timsalına çevrilib. Onun həyat və fəaliyyəti doğma xalqına və torpağa məhəbbət, sədaqət meyarı olub. Heydər Əliyevin polad iradəsi və qətiyyəti, xalqın tərəqqisi yolunda yorulmaq bilmədən çalışması, fədakar əməyi sayəsində müasir Azərbaycanın bünövrəsi qoyulub. “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub”, deyən Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin tərəqqisi üçün bir insanın həyatı boyu bir dövlət üçün edə biləcəyi hər şeyi edib və ömrünün ən möhtəşəm əsərini – Müstəqil Azərbaycanı əmin əllərə tapşırıb rahatlıq hissi ilə dünyadan köçüb. İllər ötdükcə xalqımız Heydər Əliyev dühasının müstəqil və müasir Azərbaycanın tarixindəki əvəzsiz rolunu daha dərindən dərk edir. Bu gün Azərbaycanın qüdrətli dövlətə çevrilməsi, dinamik sosial-iqtisadi inkişafı, dünya birliyində öz layiqli yerini daha da möhkəmləndirməsi məhz Heydər Əliyevin ideyalarının yaşamasının, siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsidir.
Qeyd edilib ki, müstəqil Azərbaycanda elə bir sahə yoxdur ki, onun inkişafında Heydər Əliyevin zəhməti olmasın. Bütövlükdə isə Heydər Əliyev epoxası yüksəliş epoxasıdır. “Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram”, deyən Heydər Əliyev həyatının mənasını yalnız xalqına xidmətdə görüb, ömrünü onun xoş, firavan gələcəyinə həsr etməkdən şərəf duyub. Mənsub olduğu xalqına xidmət etmək, rəhbərlik etdiyi ölkəni dünyada layiqincə tanıtmaq dahi şəxsiyyətin əsas məqsədi idi. O, elə bir rəhbər, elə bir dövlət başçısı idi ki, onun diqqətindən heç bir sahə kənarda qalmırdı. Ulu Öndər, sözün həqiqi mənasında, Azərbaycanla yaşayırdı, Azərbaycanla nəfəs alırdı. Heydər Əliyev adı Azərbaycanın simvolu kimi səslənən elə parlaq simadır ki, onun işıqlı ideyaları daim yaşayacaq. Bir sözlə, Azərbaycanı inkişaf etdirən, ona beynəlxalq aləmdə nüfuz qazandıran Heydər Əliyev siyasəti uğurlu sabahımızın, xoşbəxt gələcəyimizin təminatçısıdır. Bu gün hər birimiz fəxr edir və qürur duyuruq ki, Ümummilli Liderin siyasi kursunu və ideyalarını dünya siyasətçiləri arasında sayılıb-seçilən böyük dövlət xadimi İlham Əliyev davam və inkişaf etdirir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva öz xeyirxah və nəcib əməlləri ilə hamıya nümunə göstərilir.
Tədbir konsert proqramı ilə davam edib.
Anım mərasimində Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, rayonun idarə və təşkilatlarının, ali və orta təhsil müəssisələrinin təmsilçiləri, din xadimləri, ictimaiyyətin nümayəndələri, Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri iştirak ediblər.




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanda_ele_bir_sahe_yoxdur_ki_onun_inkisafinda_Heyder_Aliyevin_zehmeti_olmasin-908974

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR