Ən yaddaqalan söz - "Vur, komandir vur"

Ən yaddaqalan söz - "Vur, komandir vur"
09:56 30 Dekabr 2014
217 Digər
Ölkə mətbuatı
A- A+

Sabah ilin son günüdür. Bir gündən sonra təqvim yenilənir və dünya 2015-ci ilə qədəm qoyur. Azərbaycan isə həm də Dünya Azərbaycanlılarının Həmrəylik gününü qeyd edir. Bəs Yeni ildə kim nə gözləyir? Ötən il necə yadda qaldı?

ANS PRESS Azərbaycan ictimaiyyətinin aparıcı simalarının keçənilki xatirələrini və 2015-ci illə bağlı planlarını öyrənib:

Rejissor, ssenarist Vahid Mustafa Yev: "İlk öncə Azərbaycan xalqını Yeni il və Həmrəylik günü münasibəti ilə təbrik edirəm. Planlara gəldikdə isə gələn il günlərində, 20 Yanvar faciəsinin 25-ci ildönümü ərəfəsində “Qanlı Yanvar” filminin təqdimatı nəzərdə tutulub".

İndiyə kimi çəkdiyi “Yaddaş”, “Seçilən” və “Xoca” kimi filmlərlə Azərbaycanın ən yeni tarixinin qaranlıq səhifələrini işıqlandıran rejissorun sözlərinə görə, bu filmində 1990-cı ildə baş vermiş 20 yanvar faciəsinə müraciət edib. Filmin ana xəttində “Müstəqillik neçəyə başa gəlir? Müstəqilliyə çatmaq üçün neçə insan qurban getməlidir?” sualına cavab axtarılır. Bu film Azərbaycanın müstəqiliyinin asan başa gəlmədiyini, xalqın əzmkar mübarizəsi nəticəsində əldə edildiyini göstərir.

"Filmin çəkilişləri başa çatıb, hazırda Almaniyada və İranda filmin montajı gedir. Xaricdə səsin həm də müasir tələblərə cavab verən “Dolby 5.1” sisteminə uyğunlaşdırılması aparılır. Film yanvarın 19-dan başlayaraq kinoteatrlarda nümayiş etdiriləcək. Daha sonra çəkilmiş kadrlar əsasında filmin televiziya variantı işləniləcək. Televiziya variantı 4 bölmədən ibarət serial olacaq", - deyə rejissor vurğulayıb.

Azərbaycanın tanınmış detektiv yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Çingiz Abdullayev də təbrik edənlər arasındadır. 2015-ci ildən bol təqdimatlar, yeni layihələr gözləyən yazıçı bütün dünya azərbaycanlılarına can sağlığı, xoşbəxtlik arzulayıb. Hər kəsə bol-bol kitab oxumağı məsləhət görən nasir tək arzusunun Qarabağ probleminin tezliklə həll edilməsi olduğunu deyib. "Mən özüm üçün heç nə istəmir, həyatımdakı hər şey üçün çox şükürlər olsun. Tək arzum bütün azərbaycanlılar kimi Qarabağ probleminin tezliklə həll edilməsidir".

Politoloq Tofiq Abbasov da sona çatmaqda olan ilin istər o, istərsə də Azərbaycan üçün kifayət qədər uğurlu keçdiyini düşünür. "Azərbaycan belə çətin bir dövrdə öz stabilliyini, inkişafını qorudu. Bu stabillik və inkişaf qeyri-neft sektorunun inkişafında, insanların həyatında da özünü göstərir", - deyə politoloq bildirib. O, gələn ilin də ölkə üçün uğurlu olacağına inandığını qeyd edib.

Millət vəkili Zahid Oruc da gələn il - 2015-ci ilə ənənəvi olaraq xoş diləkləri yönəldərkən, ilk növbədə insanların beyinlərində və qəlblərində hökm sürən nifaqın, təlatümlərin və aqressinın yerini barış hislərinin tutmasını arzulayıb. "21-ci əsrin ağırlıq yükünü hər birimiz çiyinlərimizdə hiss etdikcə başa düşürük ki, millətlərin taleyini təkcə siyasi və hərbi rəhbərlər həll edəndə dünya müharibələri qaçılmaz olur. Məgər, ayrı bir yaşantıya adamlarına ixtiyarı yoxdur? Ötən yüzildən miras qalan kütləvi insan qırğınlarını təkrarlamaq bəşəriyyətin alın yazısıdır?

Gəlin, hamılıqla hərbi toqquşmalara “yox” deyək, qətlləri və tökülən qanları bir ağızdan pisləyək. Gerçəkdən 2015-ci ilin adamları olmaq istəyirsinizsə, başqa yol yoxdur.

Rəqəmləri dəyişərkən hər şeyin xeyirə doğru olacağına ənənəvi inam hissi ilə 2015-ci ili salamlamaq istərdik. Qoy hər yanda sülh xərcləri bütün “itkiləri” üstələsin!".

Azərbaycan Respublikasının xalq artisti İlhamə Quliyeva da bütün dünya azərbaycanlılarına, ölkə prezidentinə can sağlığı, xoşbəxtlik, həyat və fəaliyyətində firavanlıq, uğurlar arzu edib. Sənətçi Birinci Avropa Oyunlarında da idmançılarımıza və xalqımıza bol qələbə diləyib. "2014-cü il mənim üçün kifayət qədər uğurlu keçib. Mən ilin sonuna yaxın klip çəkdirdim və təqdim etdim. 2015-ci ilin aprel ayında da hesabat xarakterli solo konsertə hazılaşıram. Bundan başqa, gələn il daha bir böyük layihəmi tamamlamağı planlaşdırıram", deyə İlhamə xanım əlavə edib.

Ikiqat paralimpiya, ikiqat dünya çempionu, əməkdar idman ustası İlham Zəkiyev 2014-cü ilin onun üçün uğurlu keçdiyini, 2015-ci ildə də həm özü, həm də idmançı yoldaşları üçün qələbələrlə bol, uğurlu keçəcəyinə inandığını deyib.
O, bütün dünya azərbaycanlılarını Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni il münasibətilə təbrik edib, xalqımıza can sağlığı, uğurlar, bol qələbə arzulayıb. İdman ustası Azərbaycan bayrağının daim yüksəklərdə dalğalanmasını, idmançılara da bol uğurlar və zədəsiz bir il arzulayıb.
Paralimpiya çempionu 2015-ci ildə ilk dəfə olaraq Bakıda keçiriləcək Avropa Oyunlarının ölkəyə böyük uğur gətirəcəyinə inandığını deyib.

Xalq artisti Flora Kərimova da xalqımızı təbrik etməyi unutmayıb. O, qarşıdan gələn 2015-ci ildə Azərbaycanın Qarabağ probleminin həll ediləcəyinə qəlbdən inandığını bildirib. "Mən insanlara insanlıqda məyus olmamağı, daim mənəviyyat, vətən, övlad uğrunda mübarizə aparmağı arzu edirəm və dünyaya səslənirəm ki, "bəsdir, özünüzü görməməzliyə vurdunuz!"".

Xalqımızı təbrik edən sənətçilərdən biri də Faiq Ağayev oldu. Onun üçün 2014-cü ilin ən yaddaqalan hadisəsi hərbçilərimizin erməni helikopterini vurması və "vur komandir, vur!" sözləri olub. Xalq artisti kariyerası baxımından da ilin uğurlu olduğunu deyib. "Bu il "Sərxoş" mahnısı təqdim etdim. Gələn ildə isə ilk öncə can sağlığı, yeni mahnılar gözləyir. Planlar arasında konsert verməyi də planlaşdırıram".

Azərbaycan güləşçisi, yunan-roma güləşi üzrə 66 kq çəki dərəcəsində 2004-cü il Yay Olimpiya oyunlarının qızıl medalçısı, yunan-roma güləşi Azərbaycan yığma komandasının baş məşqçisi Fərid Mansurov gələn ilin gedəndən daha uğurlu olacağına inandığını vurğulayıb. "2015-ci ildə bütün xalqımız üçün, Azərbaycan üçün böyük bir yarış var - Avropa Oyunları. Hər birimiz səbirsizliklə bu yarışı gözləyirik. Arzu edirəm ki, hamımız üçün uğurlu, qələbələrlə bol keçsin. Bu həm Avropa idmançıları, həm də azərbaycanlılar üçün böyük bir bayramdır ki, tarixdə ilk dəfə keçirilən bu oyun Bakıda baş tutacaq və bu, Allahın köməkliyi ilə böyük tarix olacaq. Mən cənab prezidentimiz başda olmaqla bütün Azərbaycan xalqını Dünya Azərbaycanlılarının həmrəylik günü və yeni il münasibətilə təbrik edirəm. Arzu edirəm ki, 2015-ci il hamımıza düşərli olsun".

Millət vəkili Əli Məsimli 2014-cü ilin həm siyasi, həm geosyasi, həm də iqtisad cəhətdən çox gərgin keçdiyini deyib. "Xüsusən də iqtisadi sahədə ”soyuq muhariəyə” qayıdış ili oldu. Qərb Rusiyaya, Rusiya isə Qərb ölkələrinə sanksiyalar tətbiq etdi. Qarşılıqlı sanksiyalar həm bu sanksiyaları tətbiq edən, həm sanksiyalara məruz qalan, həm də bir sıra digər dövlətlərə də çox pis təsir etdi".

Rusiyada yaşanılan şok olayların Azərbaycanda tam şəkildə təkrarlana bilməyəcəyini deyib. Çünki Rusiya ilə müqayisəsdə Azərbaycanın iqtisadi manevr imkanları daha güclüdür.

2015-ci ildə Azərbaycan Birinci Avropa oyunlarına ev sahibliyi edəcək. "Əminəm ki, bu tədbir "Eurovision"dan da möhtəşəm keçəcək və Azərbaycanın beynəlxalq imicinə yeni pozitivlər gətirəcək. 2015-ci il öz mürəkkəblik və gərginliyi baxımından 2014-cü ildə yığılıb qalmış problemlərin sərtləşməsinin məntiqi davamı olacaq. Azərbaycan həmin labirintdən ən az itgi ilə çıxan ölkələrdən biri olacaq.

Deputat kimi, bu il dünya iqtisadiyyatında gedən proseslər və onun Azərbaycan iqtisadiyyatına təsiri, eləcə də ölkəmizin sosial-iqtisadi həyatının aktual problemlərinə dair televiziyada və digər kütləvi informasiya vasitələrində müsahibə və məqalərlə çoxaylı çıxışlarımızı davam etdirdik. Həmin istiqamətlərdə fəaliyyətimizi gələn il də davam etdirəcəyik".











RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR