Azərbaycanda gənclər və qadınlara dəstək sahəsində saziş imzalanıb

Azərbaycanda gənclər və qadınlara dəstək sahəsində saziş imzalanıb
17:52 7 Dekabr 2015
23 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 7 dekabr. REPORT.AZ/ ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) arasında Azərbaycanda gənclər və qadınlara dəstək sahəsində əməkdaşlıq üzrə saziş imzalanıb.
"Report" xəbər verir ki, tədbir SOCAR-ın “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza nəticəsində həlak olanların xatirəsini birdəqiqəlik sükutla yad etməklə başlayıb.
Tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli bildirb ki, Azərbaycan hökumətinin əsas məqsədi gənclər arasında işsizliyin səviyyəsini azaltmaqdır. Bu baxımdan o, sazişin imzalanmasını alqışlayıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva da bu müqavilənin əhəmiyyətini qeyd edib. O, Azərbaycanda gənclər və onların işlə təmin edilməsinə xüsusi diqqət yetirildiyini vurğulayıb. O, həmçinin bu müqavilənin qadın fəallığının artmasına yol açdığını bildirib.
BMT-nin rezident əlaqələndiricisi Antonius Bruk öz çıxışında bu təşəbbüsün BMT-nin davamlı inkişaf məqsədləri ilə tam uyğun olduğunu deyib: "Bizim layihə sahibkarlığa yardım göstərməklə qadınlar və gənclərə dəstək olacaq və onlara layiqli iş yerləri tapmaqda yardım edəcək".
Öz növbəsində, ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Azərbaycan hökumətinin qadınlara daha yüksək imkanlar yaratmaq və gender bərabərliyi yolunda imkanların artırılmasına yönəlmiş addımlarını alqışlayıb: "ABŞ prezidenti Barak Obama demişkən, qadınlara bərabər şərait yaradan dövlət daha dinc, daha inkişaf etmiş dövlətdir. Azərbaycan və ABŞ arasında güclü tərəfdaşlıq əlaqələri var və ABŞ onun daha da möhkəmləndirilməsi üçün səylərini davam etdirəcək".
Tədbirin sonunda ABŞ-ın ölkəmizdəki səfiri R.Sekuta ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Bruk ümumi dəyəri 342 min dollar olan saziş imzalayıb.
Qeyd edək ki, layihə USAİD, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə UNDP tərəfindən reallaşdırılır.

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/azerbaycanda-gencler-ve-qadinlar

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR