“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycandan keçən hissəsində işlər sürətləndiriləcək

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycandan keçən hissəsində işlər sürətləndiriləcək
19:08 7 Dekabr 2015
12 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 7 dekabr, AZƏRTAC
Prezident İlham Əliyev “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi barədə Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, Prezidentin Sərəncamında deyilir: Azərbaycanın nəqliyyat sektorunda son illər bir sıra irimiqyaslı infrastruktur layihələri həyata keçirilib. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin, müasir hava limanlarının, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri istiqamətində beynəlxalq əhəmiyyətli avtomobil yollarının tikintisi və dəmir yolu xətlərinin yenilənməsi ölkənin xarici iqtisadi əlaqələrinin genişlənməsində mühüm rol oynayır. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisinin başa çatması Avropa və Asiya ölkələri arasında yüklərin daşınmasında Azərbaycanın tranzit ölkə kimi əhəmiyyətini daha da artıracaq.
“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin təsisçi ölkələri (Rusiya, İran, Hindistan) arasında ticarət əlaqələrinin geniş potensiala malik olması, bu dəhlizin iştirakçısı qismində Azərbaycanın əlverişli tranzit imkanlarından geniş istifadəni, habelə, Azərbaycan dəmir yollarının İran dəmir yolları şəbəkəsi ilə əlaqələndirilməsi üçün təxirəsalınmaz tədbirlərin görülməsini zəruri edir. “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə Azərbaycan dəmir yollarının İran dəmir yolları şəbəkəsi ilə əlaqələndiriləcək, Astara (Azərbaycan Respublikası) dəmir yolu stansiyasından Azərbaycan ilə İran İslam Respublikasının dövlət sərhədinə qədər dəmir yolu xəttinin, habelə Azərbaycan ilə İran dövlət sərhədində, Astara çayı üzərində dəmir yolu körpüsünün tikintisi işlərinin layihələndirilməsi və həyata keçirilməsi “Azərbaycan Dəmir Yolları” QSC-yə həvalə edilib. Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidməti isə dəmir yolu körpüsü ilə əlaqədar gömrük və sərhəd infrastrukturunun yaradılmasını təmin edəcəklər.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Simal_Cenub_Beynelxalq_Neqliyyat_Dehlizinin_Azerbaycandan_kechen_hissesinde_isler_suretlendirilecek-909053

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR