Azərbaycan Qırğızıstana humanitar yardım göndərib

Azərbaycan Qırğızıstana humanitar yardım göndərib
20:22 7 Dekabr 2015
27 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 7 dekabr. REPORT.AZ/ Cari ilin noyabrında Qırğız Respublikasının Oş vilayətində baş vermiş güclü zəlzələ ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişinə əsasən Fövqəladə Hallar Nazirliyi (FHN) dekabrın 7-də Azərbaycan hökuməti adından bu ölkəyə humanitar yardım yola salıb.
"Report" xəbər verir ki, humanitar yardım Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanından bərə ilə yola salınıb. Yardımın yola salınması mərasimində fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə və Qırğız Respublikasının Azərbaycandakı səfiri Aycigit Buranov iştirak ediblər.
F.Tağızadə jurnalistlərə açıqlamasında deyib ki, ümumi dəyəri bir milyon manat olan humanitar yardıma 19 ton qənd, 19 ton şəkər tozu, 19 ton düyü, 8 tondan artıq çay, 16 tondan artıq bitki yağı, 38 ton un, 19 ton makaron, 18 tondan artıq vermişel, 3500 ədəd yataq dəsti (yastıq, ədyal, döşək, ağı dəsti), 50 generator, 240 çadır, 6006 kvadratmetr dam örtüyü (dəmir şifer), 70 kubmetr taxta, 40 min metr reyka, 26 tondan artıq benzin, 29 tona yaxın dizel və 195 ədəd istilik sobası daxildir.
Qeyd olunub ki, humanitar yardımın yükləndiyi 20 avtomaşın bərə ilə Qazaxıstanın Aktau limanına aparılacaq. Yardımın daşınması üçün Qazaxıstandan əlavə iki avtomaşın da cəlb olunacaq. Sonra həmin 22 avtomaşın Qırğızıstana doğru hərəkət edəcək.
Qırğızıstanın səfiri A.Buranov ölkəsi üçün bu çətin günlərdə göstərilən humanitar yardıma görə Azərbaycan Prezidentinə və xalqına dərin minnətdarlığını bildirib.



Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/azerbaycan-qirgizistana-humanitar-yardim-gonderib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR