Biz nə haydayıq, onlar nə hayda?..

Biz nə haydayıq, onlar nə hayda?..
01:51 8 Dekabr 2015
63 Digər
Ölkə mətbuatı
A- A+

Milli Televiziya və Radio Şurası (MTRŞ) “Günəşli” neft yatağının 10-cu platformasında baş verən və insan tələfatı ilə nəticələnən faciə ilə bağlı elan edilmiş matəm günündə bəzi telekanalların qanunvericiliyin tələblərini pozması barədə arayış hazırlayıb. MTRŞ bununla bağlı televiziya və radio kanallarına məktub da göndərib.

Televiziya və radio kanalları həmin məktubda matəm günü reklam verməkdə ittiham olunur. Onların arasında ANS ÇM radiostansiyası da var.

Radionun baş direktoru Elman İsayev isə virtualaz.org saytına müsahibəsində bu ittihamlarla nəinki razılaşmadı, hətta özü qarşı tərəfi ittiham etdi.


Elman İsayev - ANS ÇM radiosunun baş direktoru

- Elman müəllim, MTRŞ bir sıra qurumlarla bərabər ANS ÇM-i də matəm günü reklam verməkdə günahlandırır...

- Əvvəlcə faciədə yaxınlarını itirmiş insanlara dərin hüznlə başsağlığı verir, Allahdan hamımıza səbr diləyirik. Məsələ burasındadır ki, matəm günü elan edilməsi ilə bağlı sərəncam rəsmən saat 13:00-da elan edildi. Bununla da ANS TV həmin günün tələblərinə uyğun olaraq tam matəm rejiminə keçdi. Hər birimiz gözəl bilirik ki, qanunvericiliyin pozulub-pozulmamasına matəmin elan olunduğunu təsdiqələyən sənədin qüvvəyə minməsi anından yanaşılmalıdır. Bu sənəd isə saat 13:00-da qüvvəyə minib. Mənim sahəm olmasa da dəqiq bilirəm ki, ANS TV-də bu tələblər tam və artıqlaması ilə qorunub. Niyə artıqlaması ilə? Ona görə ki, ANS TV hələ bir gün əvvəldən qeyri-rəsmi olaraq matəm rejiminə keçmiş, bütün əyləncəli layihələri efirdən yığışdırmışdı.

ANS ÇM-lə bağlı məsələyə gəlincə isə bildiyiniz kimi, dekabrin 6-sı bazar günü idi, yəni iş günü deyildi. Mən özüm valideynimin ağır xəstə olması səbəbindən Bakıda deyildim. Amma matəm günü olduğundan radionu hüzn əhval-ruhiyyəsinə keçirmək barədə texniki heyətə müvafiq tapşırıqlar verdim. Onlar da bunu dərhal icra etdilər və mənə daha nə etmək lazım olduğu barədə suallar verdilər. Məsələn, çarxlarla (bu, həm də reklam çarxlarına aiddir) nə etmək lazım olduğunu soruşdular. Mən onlara dedim ki, radionun yayım strukturu spesifikdir, burada müəyyən incəliklər var, ona görə də MTRŞ ilə əlaqə saxlasınlar.

- Hansı incəlikdır, onlar MTRŞ-dan nəyi soruşmalı idilər? Matəm elan olunub və dediniz ki, bundan xəbəriniz var idi...

- Elədir. Amma burada dərhal nəyisə dəyişmək mümkün deyil. Proseslər demək olar ki, bütünlüklə rəqəmsal şəkildə cərəyan edir. Elə proseslər var ki, onları dəyişmək üçün azı 6 saat vaxt lazımdır. Bu, xüsusuilə reklamların yerləşdirilməsi sahəsinə aiddir. Yəni avtomatlaşdırılmış proqram sistemində radio-məhsullar rotasiya qaydası ilə 1 həftə əvvəli proqramlaşdırır. Və bu sistemdəki proqramda dəyişiklik azı 6 saat ərzində icra edilir. Proses avtomatlaşdırılmış şəkildə həyata keçirildiyindən ora əl müdaxiləsi demək olar ki, qeyri-mümkündür. Əks təqdirdə radionun bütün fəaliyyəti dayanar.

Bu mürəkkəb vəziyyətdə nə etmək lazım olduğunu isə MTRŞ-dan soruşmaq istəyirdik. Orada isə, təkrar edirəm ki, heç kimi tapmadıq, heç kim cavab vermədi... Ümumiyyətlə, bu qurum sanki işlədiyi şirkətlərin fəaliyyətini mükəmməl öyrənmək istəmir. Heç buna cəhd etmək də istəmir. Şəxsən neçə ildir ki, ANS ÇM-in direktoruyam, hələ bir dəfə də olsun bu qurumun təmsilçiləri ilə görüşməmişəm, nə onlar məni tanıyır, nə də mən onları... Onların bizimlə, kollektivimizlə, işlədiyimiz avadanlıqla maraqlandığının şahidi olmamışam. Hadisələrin gedişi, yəni MTRŞ-nin bu toplantısı və qəbul etdiyi sənəd bir daha göstərdi ki, bu qurum koordinasiya etdiyi sahəni bilmir. Yoxsa heç olmasa, gec də olsa, bizim nə işlə məşğul olduğumuzu soruşardılar, daha iki gün keçəndən sonra birdən özlərini yada salmazdılar.

- Gəlin mövzudan yayınmayaq...

- Yayınmırıq, əslində elə həmin mövzuda danışıram. Məsələ burasındadır ki, bizim MTRŞ-ya verdiyimiz suallar elə bu anlaşılmazlığı ortaya çıxardı. Biz MTRŞ sədri Nuşirəvan Məhərrəmli, aparatının digər əməkdaşları ilə əlaqə saxlamağa çalışdıq. Dəfələrlə zəng vurduq, təəssüf ki, cavab verən olmadı. İş o yerə çatdı ki, əməkdaşlarımız MTRŞ-nın yerləşdiyi ünvana yollanmalı oldular. Mühafizəçilər bildirdilər ki, bu gün iş günü deyil, sabah əlaqə saxlayın.


Nuşirəvan Məhərrəmli - MTRŞ sədri

Beləliklə, suallarımız cavabsız qaldı, araşdırma apardığımız, soruşmaq istədiyimiz məsələlərə itirdiyimiz vaxt ərzində isə bəzi reklam spotları efirə gedib. Amma bizcə, MTRŞ-nın heç bir kanalı bunda günahlandırmağa haqqı yoxdur! Çünki onlardan fərqli olaraq ANS ÇM, həmçinin digər TV və radiostansiyalar iş başında olublar. Biz nə haydayıq, onlar nə hayda... Ayıb deyil? Niyə MTRŞ Azərbaycanı dünyaya hətta matəm günündə pul qazanmaq istəyən insanların dövləti, xalqımızı belə aşağı mənəviyyatlı bir xalq kimi tanıtmaq istəyir? Bu ağır günlərdə xalqımızın hər bir üzvü kimi ANS ÇM də, elə ATV, “Xəzər”, “Lider”, “Space” və başqa kanallar da dərd içindədir. İki gün gözləyib birdən ortaya çıxan və qəflətən hansısa qanunları xatırlayan MTRŞ bu yanaşma ilə bütün milləti təhqir edir. Yaponiyada sunami olanda bütün yaponlar birlikdə dərd çəkir, bacardıqlarını edirdilər. Daha bu ölkənin MTRŞ-sı hansı radionun reklam verib-vermədiyini axtarmırdı.

Nuşirəvan Məhərrəmlidən xahiş edərdik ki, axtarılanları bir tutuşdursun. Bu saat dövlət bütün Xəzər boyu onlarla itmiş vətəndaşını axtarır. Bəs MTRŞ? ANS-in əməkdaşları 4 gündür ki, xüsusi rejimdə çalışır. Hər bir kanal əlindən gələni edir ki, ağır kədərin altında qəddi əyilən insanların dərdi yüngülləşsin. Belə bir vaxtda MTRŞ-nı görün nə maraqlandırır. MTRŞ matəm elan olunan gün ya işdə olmalı, ya da kanal rəhbərlərini yazılı şəkildə xəbərdar etməli idi. Bütün bunlar isə baş verməyib. İndi isə hansı haqla kanallar günahlandırılır? “Kimsə reklamdan pul qazanıb”, “matəm günü qanunvericiliyin tələbləri pozulub” və s. bu kimi iddiaların əsası yoxdur. Hamının başı işə qarışıb. MTRŞ-da soruşmağa heç kim olmayıb. Bütün bunları kanalların üzərinə atmaq olmaz! Əksinə, burada günahkar varsa, o da MTRŞ-dır. Şura həmin gün heç olmasa mətbuat konfransı keçirməli, ya da kanal rəhbərlərini dəvət etməli idi. Hətta bunlara vaxtı və həvəsi yox idisə, telefonoqram göndərməli idi...

Lap elə tutaq ki, MTRŞ qanun pozuntularını müşahidə edib. Bəs onda niyə dərhal həmin qurumların rəhbərlərinə zəng vurub bu barədə xəbərdar etməyib? Niyə bütöv bir gün gözləyib? Gözləyib ki, qanun pozuntuları davam etsin... Nə məqsədlə? 4 gündür ki, fasiləsiz rejimdə çalışan televiziya və radio kanallarının əməyini arxa plana keçirmək və özlərinin də mövcud olduğunu xatırlatmaq üçünmü? Axı yada salmağın başqa yolu var. Biz təkif edə bilərik. Məsələn, ANS ÇM-in kollektivi həmin gün reklamdan gələn gəliri faciədən zərər çəkmiş şəxslərə yardım kimi verəcək. Qoy MTRŞ də öz bir günlük əməkhaqqından keçsin.

- Bundan sonra nə etmək fikrindəsiniz?

-Neyləyəcəyik?! Yenə öz işimizlə məşğul olacağıq. Çalışacağıq ki, bir daha MTRŞ-ya xalqımızın mənəvi dəyərlərini dünyaya neqativ şəkildə təqdim etmək üçün provakativ əsas verməyək.

***

ANS TV-nin Proqram Departamentinin rəisi Sevda Həsənova da məsələyə münasibətini bildirib.

S.Həsənova da virtualaz.org saytına açıqlamasında MTRŞ-nin ittihamlarını əsassız adlandırıb: “Dekabrın 4-dən bütün Azərbaycanı kədər bürüyüb. Amma deyəsən, bu faciə ən az MTRŞ-ya toxunub. Belə olmasaydı, onlar ilin-günün bu vaxtı kanallarda nə qədər reklam getdiyini ölçməz və bu faciənin ortasında xalqa xəbər çatdırmalı olan kanalları toplantıya yığıb ən azı birgə fəaliyyətin gələcəyini, xalqa informasiya çatdırmaq üçün müştərək addımları müzakirə edərdi. Daha reklam haqq-hesabı çəkməzdi”.


Sevda Həsənova - ANS TV-nin Proqram Departamentinin rəisi

ANS TV-nin prezident İlham Əliyevin ölkədə matəm elan olunması barədəki 6 dekabr tarixli sərəncamını əsas götürdüyünü bildirən S.Həsənova əlavə etdi ki, ANS TV faciəli şəkildə həlak olan vətəndaşlara yas tutub: “Ondan bir gün əvvəl də televiziyalar arasında ilk olaraq ANS TV proqram şəbəkəsinə dəyişiklik etmiş, əyləncə xarakterli bütün verilişləri yayımdan çıxarmışdı.

Digər tərəfdən, ölkə ərazisində matəm elan edilməsi barədə sərəncam prezidentin rəsmi saytında saat 13:00-da yerləşdirilib. Hörmətli MTRŞ boş-boşuna sosial şəbəkələrdə özünü vətənpərvər, qanun keçikçisi kimi göstərməkdənsə qanuna riayət edəydi. Bizdən ötrü ölkə prezidentinin sərəncamları əsasdır. Əgər sərəncam saat 13:00-da verilibsə, MTRŞ ANS TV-ni saat 11-12-də reklam verməklə qanunları pozmaqda necə “günahlandıra” bilər? Bu qurum belə vətən və qanun sevəndirsə, gözünü zillədiyi və kiçicik səhv tapanda sevindiyindən az qala uçduğu kanallarla niyə danışmadı, niyə “tövsiyə”lər vermədi? Heç olmasa, xarici təcrübələrə əsaslanmaq olardı. 2013-cü ildə Yaponiyada sunami nəticəsində 20 min adam öləndə onların analoji qurumları gözlərini TV-yə, qulaqlarını radiolara dikməmişdilər. Bütün qurumlar xalqın arasında idi. Onlar öz kanallarını reklam verib-verməməkdə günahlandırmırdı. Onlar xalqın dərdini bölüşür, onlara dəstək olurdu...”

S.Həsənovanın sözlərinə görə, ANS TV bu bir neçə gündə fasiləsiz rejimdə işləməklə etibarlı informasiya mənbəyi olduğunu növbəti dəfə sübut etdi: “Biz ən sıravi əməkdaşımızdan tutmuş rəhbərliyimizədək dəqiq məlumatları gecə-gündüz bilmədən Azərbaycan xalqına çatdırdıq. Şəxsən mən hesab edirəm ki, ANS TV bu sınaqdan üzüağ çıxdı!

Hörmətli MTRŞ nəzərə alsın ki, ANS TV bu hadisə baş verəndə həmişəki kimi ən operativ işləyən yeganə kanal idi. Bu ölkədəki bütün TV-lərdən fərqli olaraq ANS hadisə ilə bağlı bütün məlumatları dərhal tamaşaçıya çatdırırdı. Məsələn, SOCAR-ın gün ərzində keçirdiyi bütün mətbuat konfranslarını yalnız ANS TV birbaşa yayımladı və bu gün də yayımlayır. Amma buna sevinmirəm. Çünki indi Azərbaycan xalqı olaraq kədər içindəyik...”


PS. 1. (ANS PRESS redaksiyasından) MTRŞ-nın adı gedən toplantısında çıxış edərkən Şura sədri Nuşirəvan Məhərrəmli şəxsən bəyan etdi ki - "...mənə matəm haqqında heç kim məlumat verməmişdi və mənim heç xəbərim yox idi..."

PS. 2. Məlumatımıza görə, heç bir TV və ya Radio şirkəti MTRŞ tərəfindən təlimatlandırılmamışdı və məlumatlandırılmamışdı. Matəm elan olunan gün ümumiyyətlə iş başında MTRŞ-nın heç bir əməkdaşı yox idi.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366706

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR