Pekində havanın çirklənməsi ilə əlaqədar ən yüksək xəbərdarlıq elan olunub

Pekində havanın çirklənməsi ilə əlaqədar ən yüksək xəbərdarlıq elan olunub
08:28 8 Dekabr 2015
58 Digər
Ölkə mətbuatı
A- A+


Pekin, 8 dekabr, AZƏRTAC
Çinin paytaxtı Pekində havanın çirklənməsi ilə əlaqədar 2015-ci ildə ilk dəfə ən yuxarı səviyyədə olan qırmızı xəbərdarlıq elan edilib.
Dekabrın 10-u günorta saatlarınadək hökm sürəcək çirkli hava ilə əlaqədar uşaq bağçaları və orta məktəblərə üçgünlük tətil verilib. Bundan başqa, inşaat sahələrində və bəzi sənaye müəssisələrində iş dayandırlıb. Şəhərdə avtobillərin hərəkətinə dövlət qeydiyyat nişanlarının son rəqəmlərinin tək və cüt olmasına əsaslanan məhdudiyyət qoyulub. Pekin hökuməti paytaxt sakinlərinə vacib olmadığı təqdirdə küçəyə çıxmamağı və otaqların pəncərələrini bağlı saxlamağı tövsiyə edib.
Pekində çirkli dumanın müşahidə edildiyi günlərdə atmosfer havasındakı zərərli maddələrin miqdarı Dünya Səhiyyə Təşkilatının müəyyənləşdirdiyi normadan 10-20 dəfə çox olur. Mütəxəssislər hesab edirlər ki, Pekində xüsusən qış aylarında tez-tez müşahidə olunan hava çirkliliyinin əsas səbəbi istilik təchizatı sistemində və ağır sənaye müəssisələrində daş kömürdən istifadə olunması, habelə şəhərdə sayı 5 milyona çatmış avtomobillərin atmosferə buraxdığı zərərli tullantılardır.
Çin Milli Meteorologiya Mərkəzinin məlumatına görə, çirkli hava dumanı Pekinlə yanaşı, Tiencin şəhəri, Xıbey, Xınan, Şandon, Şensi, Şansi, Ciansu və Anxuy əyalətində də müşahidə olunacaq.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Pekinde_havanin_chirklenmesi_ile_elaqedar_en_yuksek_xeberdarliq_elan_olunub-909190

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR